27 avqust 2011 11:46
4-cü tur: Ramiz Məmmədovun proqnozu
Veteran futbolçu, eləcə də hazırda işsiz olan “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytı üçün Premyer Liqanın 4-cü turunun oyunlarına proqnozlarını açıqlayıb.
Qarabağ – Qəbələ
“Qarabağ” yaxşı komandadı və evdə daha yaxşı təsir bağışlayır. Ağdamlıları Quzanlıda məğlub etmək çox çətin olacaq. Hətta “Qəbələ” indi yaxşı heyətə malik olsa da. Toni Adamsın yetirmələri maksimum heç-heçəyə nail ola bilərlər. “Qarabağ”ı isə matçın favoriti saymaq olar. Qonaq komanda isə uzağı sürprizlə yadda qala bilər. Mənim proqnozum “Qarabağ”ın qələbəsidi. Amma heç-heçə də mümkündü.
Bakı – Kəpəz
“Bakı” kağız üzərində favoritdi. Amma təəssüf ki, “zolaqlılar” hələ ümidləri doğrultmurlar. Starkov öz komandasını yaratsa da, hələ oyun yoxdu. Özünüz də gördünüz ki, onlar ilk üç turda necə oynadılar. Belə heyətlə onlar qələbə qazanmağa borcludular. “Bakı”nın yeniləri hələ xoşuma gəlmir. Buna baxmayaraq, paytaxt klubu nəhayət qələbə qazana bilər. “Kəpəz” isə uzağı heç-heçə edə bilər. Çünki gəncəlilərin heyətində təcrübəli futbolçular var. Mən hətta “Kəpəz”in qələbə qazanmasına da təəccüblənmərəm. “Bakı” qol epizodlarından yararlana bilmir. Buna görə də dəqiq proqnoz vermək çox çətindi. Ya “Bakı” qələbə qazanacaq, ya da heç-heçə olacaq.
AZAL – Neftçi
Elxan Abdullayevin komandası xoşuma gəlir. Onların yaxşı gələcəyi var. “Qəbələ” ilə son oyunda sadəcə əla çıxış etdilər. AZAL “Neftçi” ilə nəinki heç-heçə, hətta qələbə də qazana bilər. Bu görüşdə aşkar favorit yoxdu. “Flaqman” ilk iki oyununda qələbə qazansa da, hələ ideal futbolunu tapa bilməyib. AZAL rəqibini cəzalandıra bilər. İnandırıcı proqnoz AZAL-ın qələbəsidi. Amma heç-heçə də ola bilər.
Rəvan – Xəzər Lənkəran
Şübhəsiz ki, “Xəzər Lənkəran” favoritdi. Bu komanda ilk üç turda çox yaxşı təsir bağışlayıb. Mirça Rednikin rəhbərliyi altındakı futbolçular hamısı yaxşı oyunla seçilirlər. Avrokuboklardakı uğursuzluq onlara çox şey öyrətdi. İndi cənublular hücumda daha dinamik oynamağa başlayıblar. “Rəvan” üçün nəsə etmək çox çətin olacaq. “Xəzər Lənkəran” problemsiz qələbə qazanacaq.
Turan – Simurq
Əsgər Abdullayevin Azərbaycan çempionatında böyük təcrübəsi var. İndi onun rəhbərliyi altında yenidən qurulan “Turan”da xeyli təcrübəli futbolçular cəmləşib. Onlar görüşün taleyini həll edə bilərlər. Sergey Yuranın komandasına onlarla mübarizə aparmaq çox çətin olacaq. Onlar yalnız “Bakı” ilə matçda olduğu kimi, müdafiə olunmaqla 1 xala ümid edə bilərlər. “Simurq”un şansları azdı. Hesab edirəm ki, bu görüş “Turan”ın xeyrinə bitəcək.
