29 avqust 2011 13:01
Hafiz Məmmədov Kəpəz darmadağınından sonra Bakı futbolçularını utandırıb
"Bakı"nın yarımmüdafiəçisi İbrahim Karqbo klubun rəsmi saytına müsahibəsində Premyer Liqanın 4-cü turunun “Kəpəz”lə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla darmadağın olduqları görüşlə bağlı bunları dilə gətirib:
“Azərbaycanda hər bir oyuna maksimum dərəcədə yaxşı köklənməli, ürəkdən oynamalısan. Biz “Kəpəz”lə oyuna yaxşı başladıq. Hesabı açmaq üçün 2-3 imkanımız oldu. Amma biz qol vura bilmiriksə, necə qələbə qazana bilərik axı? Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov və baş menecer Zeynal Məmmədov bizimlə söhbət etdi. Onlar dedilər ki, güzgüyə baxıb, belə məğlubiyyətə görə utanmalıyıq. Mən həqiqətən utanıram. Çünki mən əvvəllər kiçik klublara uduzmamışdım. Amma “Bakı”ya gəldikdən sonra az qala hər rəqibə uduzuram, hətta bizdən zəif olanlara da. Mən bilmirəm nə problem var. Kimisə günahlandıra da bilmərəm. Ən azı ona görə ki, özüm də bu komandanın bir hissəsiyəm. İnanıram ki, bundan sonra hər şey qaydasında olacaq”.
