29 avqust 2011 18:17
Ruslan Abışovun yeni klubunu yaxından tanıyaq
Azərbaycan millisinin, eləcə də “Neftçi”nin futbolçusu Ruslan Abışov İsveçin “Orebro” klubuna keçməyin bir addımındadı. Azerisport.az xəbər verir ki, sözügedən klubun nümayəndələri Bakıda olublar, müdafiəçinin oyununu izləyiblər, eləcə də konkret müqavilə təklif ediblər.
Həmin müqavilənin şərtləri həm futbolçunu, həm “Neftçi”ni razı salmamasına rəğmən danışıqlar davam etdirilir. Qeyd edək ki, bu mənada ilk olaraq isveçlilərin maliyyət şərtləri qənaətbəxş hesab olunmur. Üstəlik, onların təklif etdiyi 4,5 illik müqavilə təklifi də bizimkilər üçün böyük müddət hesab olunur. İsveçlilər bunu onunla izah edirlər ki, onlar Ruslanı uzun müddətə ələ keçirməklə perspektivini açıb, daha sərfəli qiymətə bir qədər də güclü klublara satmağı düşünürlər. Yəni onlar bu transferlə bağlı böyük hədəflər qurduqlarını qətiyyən gizlətmirlər.
Təbii ki, maliyyə şərtlərini nəzərə almasaq, Ruslanın transferinin baş tutması irəliyə doğru müsbət bir addım olacaq. Ən azı ona görə ki, Abışov hər halda Azərbaycan Premyer Liqasından daha güclü bir çempionata gedəcək. Qarşıdakı illərdə isə onun daha güclü klublara, çempionata keçməsi üçün münbit zəmin yaranacaq.
Son il yarımda Ruslan onsuz da kifayət qədər fərqli əcnəbi klublara “transfer olunub”. Onun adı daha çox Rumıniyanın “Steaua”, “Brasov”, “Timisioara”, Norveçin “Valerenga” klubları ilə hallanıb. Amma bütün bu “tranferlər” hamısı şayiə olaraq qalıb. Abışovun özü də legioner həyatı yaşamaqda maraqlı olduğunu gizlətmir. Bu istəyinə çatmaq üçün isə o, indi daha yaxşı qazancdan imtina etməyə borcludu. Hətta ikiqat az gəlirə rəğmən. Parlaq gələcək üçün indi nəyisə qurban verməyə məcbursan. Hər halda futbolçumuz özünü daha yaxşı tərəfdən göstərə bilsə, o zaman “Orebro”dan daha yaxşı şərtlər irəli sürən, daha güclü kluba transferi mümkündü.
Yeri gəlmişkən, Abışov İsveç klubunda yeganə azərbaycanlı olmayacaq. Belə ki, “Orebro”nun gənclərdən ibarət komandasının çalışdırıcısı “Neftçi”nin sabiq oyunçusu Valeh Qafarovdu. Bu üzdən də Ruslanın uyğunlaşma baxımından da ciddi problemlərinin olmayacağını demək olar.
Qeyd edək ki, yaz-payız sistemi ilə keçirilən İsveç çempionatının artıq 23 turu arxada qalıb. "Orebro" bu müddətdə 10 qələbə qazanıb, 2 heç-heçə edib və 11 oyunda məğlub olaraq 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. İsveç kubokunun 1/4 finalına vəsiqə zanan komanda səfərdəki ilk oyunda "Atvidaberg" klubuna 3:0 hesabı ilə yenib. Yarımfinala çıxacağı şübhə doğurmayan komandanın final uğrundakı rəqibi "Helsingborg" - "Elfsborg" cütünün qalibi olacaq. Komanda ev oyunların Erebru şəhərindəki 14500 yerlik "Behrn Arena"da keçirir. Klubun prezidenti Yan Karlsson, baş məşqçisi isə Sixten Bostromdu. 47 yaşlı finlandiyalı mütəxəssis 2008-ci ildən komandaya başçılıq edir. O, əvvəllər Finlandiyanın "Vantaa", HJK, "Ekenas", "FinnPa" klublarının gənclərdən ibarət komandalarına başçılıq edib, "Jokerit"də köməkçi məşqçi, "Yaro"da baş məşqçi olub. Hazırda komandanın heyətində 8 legioner var. Bundardan üçü - Denis Abdulahi, Tommi Virtanen, Fredrik Nordbak finlandiyalı, ikisi - Valdet Rama Kustrim Luştaku kosovalı, Samuel Vovoah liberiyalı, Eyour Aron islandiyalı, Paulinyo isə braziliyalıdı.
Ötən mövsüm uğurlu çıxış edən "Orebro" mövsümü üçüncü pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan komanda Bosniya və Hersoqovinanın "Sarajevo"suna uduzaraq, çıxışını erkən dayandırıb - 0:0, 0:2.
