30 avqust 2011 00:12
Belçika millimizlə oyun öncəsi növbəti itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Belçika yığması daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, rəqibimiz bu dəfə Daniel van Buytenin xidmətindən məhrum olub.
Bu futbolçunun da sıradan çıxmasına yenicə aldığı zədə səbəb olub. Belə ki, Münhen “Bayern”inin üzvü Bundesliqanın “Kayserlautern” ilə matçda dabanından zədə alıb. Bu üzdən də onun Bakıdakı görüşdə iştirakı böyük ölçüdə baş tutmayacaq.
Qeyd edək ki, Belçika yığmasının baş məşqçisi Jorj Leekens ÇL-in “Udinese” ilə matçında sıradan çıxan London “Arsenal”ının müdafiəçisi Tomas Vermalenin də xidmətindən yararlana bilməyəcək. Bu üzdən də o, komanada yeni müdafiəçi – Loran Simanı dəvət edib.
