30 avqust 2011 00:22
UEFA Trabzonsporu da cəzalandırdı
UEFA “Fenerbahçe”nin ardınca Türkiyənin daha bir klubunu sərt cəzalandırıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu bu dəfə “Trabzonspor”u hədəfə alıb.
Buna Avropa Liqasının pley-off mərhələsinin İspaniya “Athletic”i ilə qarşılaşmada Trabzon təmsilçisinin futbolçusu Burak Yılmazın və baş məşqçi Şenol Güneşin meydandan qovulması səbəb olub. UEFA İntizam Komitəsi bu qarşılaşma ilə bağlı müzakirələrdən sonra Şenol Günəşə 2, Burak Yılmaza isə 3 matç cəza kəsib.
Bundan əlavə “Trabzonspor”un 5 futbolçusu “Athletic”lə görüşdə sarı vərəqə aldığı üçün Türkiyə klubu qaydalara uyğun olaraq 5250 avro cərimə olunub.
Bu cəza səbəbindən Burak Yılmaz UEFA Çempionlar Liqasının “Inter”, “Lille” və CSKA (Moskva) ilə matçlarında forma geyə bilməyəcək. Şenol Güneş isə “Inter” və “Lille” ilə oyunları tribunadan izləmək məcburiyyətində qalacaq.
Xatırladaq ki, Çempionlar Liqasına üçüncü təsnifat mərhələsindən qoşulan “Trabzonspor” Portuqaliya “Benfica”sına uduzaraq, mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalmışdı. Amma İspaniya “Athletic”i ilə ilk oyunu keçirməsinə rəğmən, “Fenerbahçe”nin ÇL-dən kənarlaşdırılmasından sonra UEFA məhz “Trabzonspor”u bu komandanın əvəzində qitənin ən nüfuzlu klub turnirinə qaytarmışdı.
