31 avqust 2011 13:28
“Yetirmələrimdən Bakıda topa daha çox nəzarət etməyi tələb edəcəm”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığmasının baş məşqçisi Jorj Leekens Azərbaycana səfər öncəsi ölkəsində jurnalistlərə açıqlamalar verməyə davam edir. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakı səfəri ərəfəsində itkilərdən, komandasının durumundan danışıb, eləcə də yetirmələrinə arxayınlaşmamağı məsləhət görüb:
“Yığmada artıq bərpa və uyğunlaşma dövrü başa çatıb. Bu gündən etibarən biz Azərbaycanla oyunun real hazırlıqlarına başlayırıq. Son məşq proseslərinə əsasən deyə bilərəm ki, uşaqlar qarşıdakı oyuna yaxşı motivasiya olublar və Bakı səfərinə ciddi hazırlaşırlar”.
O, Bakıda hansı oyun üslubuna üstünlük verəcəyinə də toxunub: “Azərbaycana qarşı biz həmişə oynadığımız kimi oynayacağıq. Fikrimcə, bu, bizə yetərli olacaq. Əlbəttə, hər şey mümkündü. Amma mən yetirmələrimdən topa daha çox nəzarət etməyi tələb edəcəm. Çünki bu oyun bizim üçün çox vacibdi”.
Leekens komandasındakı itkilərdən də danışıb: “Artıq Byorn Fleminks də sıradan çıxıb. Ondan sonra gənclər yığmasından Yassin el Qanassini heyətə cəlb etmək imkanım var idi. Lakin onun da zədədən əziyyət çəkdiyi məlum oldu. Azərbaycana səfər üçün yeni futbolçular dəvət etməyə ən azı viza probleminə görə ehtiyac duyulmayacaq”.
O, Aksel Vitselin sıraya dönməsinə sevincini gizlətməyib: “Akselin kiçik zədəsi olsa da, o, kollektivə qoşula bildi. Bundan əlavə zədə səbəbindən bir neçə məşqi buraxan İqor de Kamarqo da artıq tam hazırdı”.
Sonda, Leekens Bakıdakı oyundan da danışıb: “Bu, çox çətin səfər olacaq. Uzaq uçuş, 3 saatlıq vaxt fərqi. Bu, bayram səfəri deyil. Hər şey futbolçulardan asılı olacaq”.
