1 sentyabr 2011 00:01
Həmyerliləri Kaxaber Tsxadadzeni məyus etdilər
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" bu ölkədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama qarşılaşmasını keçirib. Azerisport.az xəbər verir ki, Bakı klubu Qori "Dila"sı ilə qarşılaşıb.
İlk yarı "İnter"in üstünlüyü şəraitində keçib və Girt Karlson rəqibi iki dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. İkinci hissədə isə baş məşqçi Kaxaber Tsxadadze heyəti dəyişdirib. Bundan sonra gürcülər üstünlüyü ələ alıb və üç qol vuraraq, qələbə qazanmağı bacarıblar. "İnter" isə bir neçə qol vəziyyətini boşa verib.
Qeyd edək ki, "Dila" iyul ayında Qəbələdə keçirilən "Jalə Kuboku"nun qalibi olmuşdu. "İnter" ikinci yoldaşlıq oyununu sentyabrın 3-də "VİT Georgia" klubuna qarşı keçirəcək.
