1 sentyabr 2011 14:44
Vaqif Sadıqov Anjinin baş məşqçisi olacaq
Rusiya Nizam-İntizam Komitəsi (NİK) "Anji" klubuna cəzalar yağdırıb. Azerisport.az xəbər verir ki, əsas məqam Mahaçqala təmsilçisinin baş məşqçisi Hacı Hacıyevlə bağlı olub.
Qeyd edək ki, o, "Dinamo" ilə oyunun (2:1) fasiləsində hakimlərin qərarlarına etiraz əlaməti olaraq hakimlər briqadasının otağının qapısını təpiklə sındırmışdı. NİK Hacıyevə acımayıb. O, dörd oyunluq diskvalifikasiya olunub. Bununla yanaşı, Hacıyevin köməkçisi, eyni zamanda komandanın rəisi olan Arsen Akayev 6 oyunluq cəzaya məruz qalıb. Üstəlik, bu insidentdə iştirak edən komandanın həkimi Məhəmməd Maqomayev daha ağır cəzaya, 6 aylıq diskvalifikasiyaya məruz qalıb.
Belə olan halda, Hacı Hacıyevin birinci köməkçisi, həmyerlimiz Vaqif Sadıqov komandanın baş məşqçisi vəzifələrini yerinə yetirməli olacaq. Təcrübəli mütəxəssis "Volqa", "Kuban", "Terek" və "Lokomotiv"lə oyunlarda hazırda dünyanın ən məşhur klublarından biri olan "Anji"yə rəhbərlik edəcək.
