1 sentyabr 2011 16:46
Seriya A klubunda sürpriz istefa!
İtaliya A Seriyasında mübarizə aparan “Palermo” klubunun rəhbərliyi son bir ildə sürpriz qərarları ilə bütün futbol ictimaiyyətini təəccübləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, cəmi 2 ay öncə Delio Rossinin postundan uzaqlaşdırılmasından sonra onun yerinə gətirilən 45 yaşlı Stefano Pioli də bu vəzifəsində çox qala bilməyib.
Belə ki, o, klub prezidenti Mauritsio Zamparini ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən postundan uzaqlaşdırılıb. Bir sözlə, Pioli yeni komandasını rəsmi oyunlarda meydana çıxarmadan baş məşqçi postundan ayrılmalı olub.
Artıq Siciliya klubu Pioliyə əvəzləyici də tapıb. Belə ki, “Palermo”nu yeni mövsümün ilk oyununa Devis Manqia çıxaracaq. Beləcə, Pioli sadəcə “Palermo”nu Avropa Liqasının İsveçre “Thun”u ilə pley-off oyunlarına çıxarması ilə təsəlli tapmış olub. Hansı ki, həmin oyunlarda da uğursuzluqla üzləşmiş və Avroliqadan erkən uzaqlaşmışdı.
Qeyd edək ki, Zamparini ötən mövsümün gedişində də baş məşqçi Delio Rossini bir neçə dəfə postundan uzaqlaşdırıb, geri qaytarması ilə diqqət mərkəzinə düşmüşdü. İndi isə belə xəbərlər dolaşmağa başlayıb ki, klub prezidenti “Palermo”nu satmaq qərarına gəlib.
