1 sentyabr 2011 17:34
Nuri Şahin millimizə qarşı oynamaqdan məhrum oldu
Türkiyə milli komandasının və İspaniyanın "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Nuri Şahin köhnə zədəsini sağaltmamış, yenidən zədələnib. Azerisport.az xəbər verir ki, Madridə getdiyi gündən heç bir oyuna çıxa bilməyən Nurinin bu dəfə sol dizindən zədələndiyi bildirilir.
Ötən mövsümün aprelində Almaniyanın "Borussia" (Dortmund) klubunun heyətində zədələnən Nuri "Real"a gəldikdən sonra məşqlərə başlamışdı. Lakin yeni komandası ilə elə ikinci məşqindəcə zədələnən Nuri "Real"ın yeni mövsümə hazırlıqlarından da kənarda qalmışdı.
Gənc futbolçunun bu dəfəki, zədəsi isə daha ciddidi. Sol dizindən zədələnən futbolçu ilin sonuna – ən azı noyabr ayına qədər yaşıl meydanlardan uzaq qalacaq. Belədə, Nuri Şahin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrda millimizə qarşı keçirələcək oyunda da iştirak edə bilməyəcək.
