1 sentyabr 2011 19:40
Araz PAOK-la razılığa gələ bilməyib, Neftçiyə qayıtdı
Araz Abdullayev qış transfer dönəminədək "Neftçi"nin şərəfini qoruyacaq. Azerisport.az xəbər verir ki, buna səbəb flaqmanın yetirməsinin müqaviləylə məxsus olduğu "Everton"la Yunanıstanın PAOK klubu arasında olan danışıqlarda ümumi razılığın əldə olunmamasıdı.
Belə ki, PAOK legioner statusu daşıyan yarımmüdafiəçini 2 illiyə icarəyə götürməyi və futbolçunun əsas heyətdə oynamayacağı halda, onunla qış transferi dönəmində geri qaytarılması şərti ilə müqavilə bağlayacağını bildirib. Lakin bununla nə "Everton", nə də "Neftçi" razılaşıb.
Buna görə də "Everton" və "Neftçi" arasında danışıqlara görə, oyun praktikasını itirməməsi və məşq proseslərində iştirakı üçün Araz Abdullayev müvəqqəti olaraq flaqmanın heyətində çıxış edəcək. Artıq 20 yaşlı futbolçunun adı "Neftçi"nin sifariş vərəqəsinə salınıb. O, ən azı bu ilin oktyabr-dekabr aylarınadək "ağ-qara" formada mübarizə aparacaq.
