2 sentyabr 2011 00:05
2011-də ilk, seçmə mərhələdə ikinci qələbə ümidi ilə
Bu gün Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Belçikanı qəbul edəcək.
Qeyd edək ki, Belçika yığması AÇ-2012-nin seçmə mərhələsində qrumuzun ən iddialı komandaları ilə bərabər üst pillələrdə yer alır. Rəqibimiz keçirdiyi 7 oyundan 2-də uduzduğu halda, 2-də heç-heçə edib, qalan görüşlərində isə meydandan qələbə ilə ayrılıb. Jorj Leekensin yetirmələri rəqib qapılarından 15 top keçirdikləri halda, özləri 10 dəfə məyus olublar.
Yeri gəlmişkən, Belçika millisinin qazandığı qələbələrdən biri elə Azərbaycan üzərində rəsmiləşib. Belə ki, martın 29-da Brüsseldə baş tutan Belçika - Azərbaycan görüşü 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Bütövlükdə isə, bu, sözügedən yığmalar arasında 4-cü qarşılaşma olacaq.
Məsələ burasındadı ki, Azərbaycan və Belçika yığmaları AÇ-2008-in seçmə mərhələsində də üz-üzə gəlmişdilər. Lakin elə o vaxt da yığmamız bu rəqibinə ciddi müqavimət göstərə bilməmişdi. 2006-cı il oktyabrın 11-də Brüsseldə baş tutan ilk oyunda Belçika 3:0 hesablı darmadağına imza atmışdı. 2007-ci ilin 21 noyabrına təsadüf edən Bakıdakı görüşdə isə bu komanda minimal hesablı səfər qələbəsinə sevinmişdi. Geridə qalan görüşlərdə cəmi 1 qol vurduğumuz halda, öz qapımızdan 8 dəfə top çıxarmalı olmuşuq.
Bir sözlə, Belçika yığmamız üçün əsl arzuolunmaz rəqib sayıla bilər. Elə bu dəfə də millimizin sözügedən rəqibinə qalib gəlmək, hətta heç-heçəyə nail olmaq şansları aşağı qiymətləndirilir. Çünki Leekensin komandası əsas izləyici Türkiyə ilə arasındakı xal fərqini qorumaq, ikinci pillədəki mövqeyini qorumaq üçün Bakıdan mütləq 3 xalla dönməyi hədəfləyib.
Lakin Azərbaycan yığması üçün də bu qarşılaşma vacib əhəmiyyətə malikdi. Əvvəla yığmamız ilk növbədə martın 29-da Brüsseldə gerçəkləşmiş darmadağının qisasını almalıdı. Digər tərəfdən yığmamız seçmə mərhələdəki 7-ci oyununda xal ehtiyatını artırmaq barədə düşünməlidi. Çünki geridə qalan görüşlərdə yalnız Türkiyə üzərindəki minimal hesablı qələbə sayəsində 3 xal qazana bilmişik. Foqtsun komandası ona yönələn tənqidləri nisbətən azaltmaq üçün ən azı Belçika ilə oyunda heç-heçə etməlidi.
Baxmayaraq ki, qələbə də qazanmaq mümkündü. Hər halda elə eyni gücə malik Türkiyə millisini məğlub etməyi bacaran komanda elə Belçikanı da xalsız yola sala bilər. Bunun üçün sadəcə maksimum güc və istəklə oynamaq yetər. Yeri gəlmişkən, qazanılacaq qələbə almaniyalı mütəxəssisin və onun komandasının Azərbaycan futbolunda yeni tarix yazmasına gətirib çıxaracaq. Ona görə ki, indiyə qədər Azərbaycan qatıldığı seçmə mərhələlərdə 5-dən artıq xal toplaya bilməyib. Lakin Belçika ilə oyunda qazanılacaq qələbə ilk dəfə seçmə mərhələdə ən azı 6 xalla bitirməyimizə şərait yaradacaq. Lakin nəzərə alsaq ki, millimizi qarşıda hələ Qazaxıstan və Avstriya ilə ev oyunları, eləcə də Türkiyə ilə səfər qarşılaşması da gözləyir, o zaman bu göstəricini bir qədər də yaxşılaşdırmaq mümkündü.
Belçika ilə görüşdə qazanılacaq müsbət nəticə sentyabrın 6-da keçiriləcək vacib oyuna yaxşı əhval-ruhiyyədə çıxmaq baxımından da böyük önəm kəsb edir. Hər halda oyun doğma meydanda keçirildiyindən, azarkeş dəstəyi də millimizə əlavə üstünlük qazandıracaq. Komandamız baxımlı oyun sərgiləməsə də belə, nəticə qazanmağa borcludu. Yeri gəlmişkən, futbolçular uğurlu çıxış etməkə Foqtsun yığmadakı gələcək taleyini də müəyyənləşdirmiş olacaqlar. Axı qarşıdakı Belçika, Qazaxıstan və Avstriya ilə oyunlarda ən azı 4-5 xal qazanılmasa, almaniyalının postunda qalması çətin olacaq. Çünki bu, Foqtsun Azərbaycandakı ikinci tisklidi və bunu da boşa verməsi ona baha başa gələcək.
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 6-cı matçına çıxacaq. Bunlardan üçü seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3 hesabıyla uduzub. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşdük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1. Bir sözlə, yığmamız 2011-ci ildə ancaq məğlubiyyətlərə məhkumdu və heç-heçəyə də nail ola bilmir.
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 177-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 28-də qələbə qazanmışıqsa, 43-də də heç-heçə ilə təsəlli tapmışıq.105 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 116 qol vurduğumuz halda, öz qapımızdan 320 top çıxarmışıq.
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
2 sentyabr
21:00. Azərbaycan – Belçika
Hakimlər: Li Probert, Simon Bek, David Riçardson, Maykl Lesli Din (hamısı İngiltərə).
Hakim-inspektor: Jan Fasunq (Avstriya).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
| 1 | Almaniya | 7 | 7 | 0 | 0 | 22 | - | 3 | 21 |
| 2 | Belçika | 7 | 3 | 2 | 2 | 15 | - | 10 | 11 |
| 3 | Türkiyə | 6 | 3 | 1 | 2 | 9 | - | 7 | 10 |
| 4 | Avstriya | 6 | 2 | 1 | 3 | 10 | - | 10 | 7 |
| 5 | Qazaxıstan | 6 | 1 | 0 | 5 | 2 | - | 15 | 3 |
| 6 | Azərbaycan | 6 | 1 | 0 | 5 | 5 | - | 18 | 3 |
