1 sentyabr 2011 00:04
Yeni tsiklə yeni ümidlərlə
Bu gün futbol üzrə gənclərdən ibarət yığma komandamız yeni tsiklə start verəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Qeyd edək ki, əslində AÇ-2013-ün seçmə mərhələsi hələ bir müddət öncədən başlayıb. Lakin Bernard Lippertin rəhbərlik etdiyi yığmamız ilk görüşünə məhz bu gün çıxacaq. Elə komandamızın yer aldığı qrupun oyunları da məhz bu gündən etibarən başlayacaq.
Futbolçularımızın ilk rəqibi isə qrupumuzun favoriti – İngiltərə yığmasıdı. Özü də qarşılaşma səfərdə keçiriləcəyindən Lippertin yetirmələrinin işi daha da çətin olacaq. Yığmamız kifayət qədər güclü rəqibi qarşısında nəinki qələbəyə, heç-heçəyə də ümid etməyə bilər. Ən azı son illərdəki uğursuz çıxışına görə. Amma nəzərə alsaq ki, bu, futboldu, hər şey mümkündü.
Onu da əlavə edək ki, yığmamız yeni seçmə mərhələyə qoşa oyunla start verməli olacaq. Çünki İngiltərə ilə oyundan sonra U-21 daha bir oyuna çıxacaq. Sentyabrın 6-da millimiz qrupumuzdakı digər rəqibi – Belçika ilə üz-üzə gələcək. Özü də yenə səfərdə. Bir sözlə, Azərbaycan yığmasının yeni seçmə tsiklə uğurlu startı üçün Lippert həm də komandasının gücünü düzgün bölmək haqda fikirləşməlidi.
Yeri gəlmişkən, bu oyunlar azərbaycanlı futbolçular üçün yalnız seçmə mərhələdə xal qazanmaq baxımından önəm daşımır. Bu oyunlarda millimizin üzvləri Avropanın aparıcı klublarının skautlarının da diqqətini çəkə bilərlər. Məsələ burasındadı ki, ən azı İngiltərə və Belçika yığmasının gənc futbolçuları avropalıların xüsusi diqqət mərkəzindədilər. Onları izləməyə gələcək menecerlər təbii ki, bizim futbolçuları da iş başında görəcəklər və yığmamızın üzvləri onların diqqətini çəkə bilər. Əlbəttə ki, yaxşı oyunla…
Millimizin indiyə qədərki seçmə mərhələlərdə uğursuz statistikasını da diqqətinizə çatdırmaq istərdik. Nəzərinizə çatdıraq ki, bu günə kimi 66 seçmə mərhələ oyununa çıxmış Azərbaycan U-21-i onlardan yalnız 5-də (!) qələbə qazanıb. Daha 11 görüşdə heç-heçə qeydə alınarkən 50 (!) matçda futbolçularımız meydandan məğlubiyyətlə ayrılıblar.
İngiltərə - Azərbaycan matçı Uotforddakı “Vikarec Road” stadionunda keçiriləcək. Qarşılaşmanı Xorvatiyadan olan Domaqoy Vuçkov idarə edəcək.
Sonda onu da bildirək ki, millimizin İngiltərə ilə oyunu ilə eyni gündə qrupumuzda daha bir görüş keçiriləcək. Sentyabrın 6-da Azərbaycan U-21-ni qəbul edəcək Belçika yığması səfərdə İslandiyanın qonağı olacaq. Qrupumuzda yer alan daha bir komanda – Norveç isə ilk turda istirahət edəcək.
Qeyd edək ki, baş məşqçi Bernard Lippert İngiltərə və Belçika ilə oyunlar üçün aşağıdakı futbolçulara dəvət göndərib:
Qapıçılar: 1. Səlahət Ağayev, 12. Osman Umarov, 22. Emil Balayev;
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 13. Mixail Zaytsev, 16. Fərrux Rəhimov, 17. Aleksandr Qross, 18. Ali Gökdemir;
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 13. Mixail Zaytsev, 16. Fərrux Rəhimov, 17. Aleksandr Qross, 18. Ali Gökdemir;
Yarımmüdafiəçilər: 5. Novruz Məmmədov, 6. Mirhüseyin Seyidov, 7. Araz Abdullayev, 8. Emin Mustafayev, 10. Eşqin Quliyev, 11. Kamil Nurəhmədov, 15. Amit Quluzadə, 20. Hacı Əhmədov, 21. Cavid İmamverdiyev;
Hücumçular: 9. Orxan Həsənov, 19. Cihan Özkara, 23. Tural İsgəndərov.
İngiltərə millisi isə komandamızla görüşdə aşağıdakı futbolçuların köməyinə bel bağlayacaq:
Qapıçılar: Ben Amos (Manchester United), Cek Batlend (Birmingham), Deklan Radd (Norwich);
Müdafiəçilər: Netan Beyker (Aston Villa), Co Bennett (Middlesbrough), Matteu Briqqs (Fulham), Stiven Kolker (Swansea City), Kreyq Dauson (West Bromwich), Fil Cons (Manchester United), Kile Uelker (Tottenham), Martin Kelli, Con Flanaqan, Andre Uisdom (hamısı “Liverpool”);
Yarımmüdafiəçilər: Ross Barkli, Cek Roduell (hər ikisi “Everton”), Dan Qoslinq (Newcastle), Yordan Enderson, Conco Şelvi (hər ikisi “Liverpool”), Emmanuel Frimponq, Aleks Okleyd-Çemberlen, Henri Lensberi (hamısı “Arsenal”), Coşua Makikran (Chelsea);
Hücumçular: Natan Delfuneso (Aston Villa), Marvin Sordell (Watford), Martin Ueqhorn (Leicester City), Danni Uelbek (Manchester United), Konnor Uikhem (Sunderland).
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
1 sentyabr
23:30. İngiltərə - Azərbaycan
Baş hakim: Domaqoy Vuçkov (Xorvatiya)
Uotford. “Vikarec Road” stadionu.
