1 sentyabr 2011 12:32
XL-da və Azərbaycan çempionatında ilk dəfə!
Azərbaycan Premyer Liqasının 4-cü turu daha 2 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, ispaniyalı Mario Rosas və portuqaliyalı Antonio Semedo karyeralarında ilk dəfə cənub təmsilçisinin formasında meydana çıxdılar.
“Rəvan”la səfər matçında sonradan meydana daxil olan legionerlərin debütü “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını da artırdı. Bu matçadək 133 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa pireneylilər bu rəqəmi 135-ə çatdırdı. Bu 135 nəfərdən 9-u elə cari mövsüm debüt imkanı qazanıb. Mario ilə Antonioya kimi Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç və Branimir Subaşiç yeni komandalarında debüt etmişdilər.
“Ağ-yaşıllar”ın şərəfini qorumuş 135 oyunçudan 52-si yerli, 83-ü əcnəbidi ki, Mario İspaniyanın nəinki “Xəzər Lənkəran”da, ümumiyyətlə Azərbaycan çempionatında və klublarındakı ilk təmsilçisi oldu. Bu Pireney yarımadasındakı ölkə isə Lənkəran klubunda oyunçu ilə təmsil olunan 30-cu məkandr. Belə ki, bu matçadək “Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edirdi.
Semedo isə 4-cü portuqaliyalı olub: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.
Qeyd edək ki, Rosas və Semedonun debüt etdiyi oyun Elvin Beqiri üçün yubileylə əlamətdar olub. Albaniyalı 50-ci dəfə meydana çıxmaqla 100-ü yarılayan 29-cu futbolçu və ya 13-cü legioner olub. Rumıniyalı Katalin Doman isə nisbətən kiçik yubiley qeyd edərək 30-cu matçına çıxıb və bunu qolla qeyd edib.
