2 sentyabr 2011 01:36
Belçika yığmamızla oyuna məğlub çıxacaq
Gənclərdən ibarət yığmalar arasında AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan U-21-nin yer aldığı 8-ci qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, millimizin İngiltərə ilə qarşılaşdığı gündə Belçika da səfərdə İslandiyanın qonağı olub.
Qarşılaşmaya daha fəal başlayan islandlar 25-ci dəqiqədə Siqurdarsonun qolu ilə hesabı açıblar. Belçika 42-ci dəqiqədə buna Bentekenin qolu ilə cavab verib. Lakin 85-ci dəqiqədə Siqurdarson özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib 2:1.
Beləliklə, Belçika da yığmamızla qarşıdakı oyuna məğlub əhval-ruhiyyədə çıxmalı olacaq. Seçmə mərhələnin ilk oyununda İngiltərəyə 6 cavabsız qolla uduzan Bernard Lippertin komandasının belçikalılarla oyunu sentyabrın 6-da Antverpendəki Olimpiya stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qrupumuzda yer alan daha bir komanda – Norveç isə ilk turda istirahət edib. Bu komanda ilk oyununu sentyabrın 6-da səfərdə İslandiyaya qarşı keçirəcək.
