2 sentyabr 2011 13:45
“Azərbaycanı Bakıda darmadağın edə bilərik”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda millimizin qonağı olacaq Belçika yığmasının müdafiəçisi Vensan Kompani Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İngiltərənin “Manchester City” klubunun aparıcı oyunçusu müsahibəsində bir sıra maraqlı fikirlərdilə gətirib:
“Biz Bakıda 3 xal qazana bilərik. Əgər rəqibi lazımınca qiymətləndirə və tam oyuna köklənə bilsək, Azərbaycanı məğlub edə bilərik. Mən buna tamamilə əminəm”.
Təcrübəli müdafiəçinin sözlərinə görə, Belçika yığması millimizi Bakıda da darmadağın edə bilər: “Azərbaycan elə komandadı ki, biz onlarla oyunun taleyini elə bir saata da həll edə bilərik. Amma təbii ki, biz dözümlülüyümüzü itirməməliyik. Fikrimcə, Bakıda 3:0 hesabıyla qələbə qazanmağımız tamamilə mümkündü. Biz öz qələbəmizlə həm də Türkiyəni təzyiqdə saxlamağa davam edə bilərik. Çünki bununla ikinci pillədə qalmaq istəyimizin nə qədər ciddi olduğunu onlar da başa düşmüş olarlar”.
Belə arxayın danışmasına rəğmən, Kompani rəqibi qiymətləndirməməyin onlara baha başa gələcəyinin mümkünlüyünü də etiraf edib: “Bu, istənilən halda məzuniyyət səfəri deyil. Azərbaycanla oyun heç də asan olmayacaq. Bunu Türkiyə ilə oyun da göstərdi. Amma biz qarşıdakı iki oyunda mümkün altı xalın hamısını qazanmağa borcluyuq. Yalnız bu halda AÇ-yə getmək şanslarımızı yaxşılaşdıra bilərik. Hətta Almaniya ilə son oyunumuzda da şansımız var. Həm də Türkiyə də hələ qrupdan çıxmaq vəzifəsini yerinə yetirməyib”.
Lakin o, mümkün uğursuzluqları da istisna etməyib: “Əlbəttə, biz bu seçmə mərhələdə 6 xaldan daha çoxunu da itirə bilərik. Məgər kim səhv etmir ki? Düşünürəm ki, biz DÇ-2014-ün seçmə mərhələsində bu xal itkilərindən daha çox qaçmaq imkanına malik olacağıq. Artıq rəqiblərimizi tanıyırıq. Bizim öz səhvlərimiz üzərində işləmək üçün də çoxlu vaxtımız olacaq”.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
