2 sentyabr 2011 17:51
Paytaxt klubları üçün XL, Kəpəz və Turan nümunəsi
Futbol üzrə Azərbaycan Premyer Liqasının dörd turu artıq geridə qalıb. Azerisort.az xəbər verir ki, ötən turlar ərzində 22 qarşılaşma keçirilib.
1ci turun “Neftçi” – “Qarabağ” və 4-cü turun “Sumqayıt Şəhər” – “İnter” qarşılaşmaları isə təxirə salınıb. 3-cü turun “Bakı” – “İnter” oyunu isə yarımçıq dayandırılıb.
22 qarşılaşmada stadionlara 78800 azarkeş gəlib. Ən çox azarkeş sayı 3-cü turda “Qarabağ”ın səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 10 000 nəfər. Ən az azarkeş isə 4-cü turun “Bakı” - “Kəpəz” oyununda müşahidə olunub – 300 nəfər.
Həmişəki kimi azarkeşlərinin çoxluğu ilə yalnız əyalət klubları öyünə bilər. Geridə qalan dörd turda “Xəzər Lənkəran”ın ev oyunlarını 16 000, “Kəpəz”in ev oyunlarını 15 200, “Turan”ın ev oyunlarını isə 11 000 azarkeş stadiondan izləyib. Əyalət klubları ilə müqayisədə paytaxt təmsilçilərinin azarkeş baxımından vəziyyəti heç də ürəkaçan deyil. Dörd turda bütün paytaxt təmsilçilərinin oyunlarına cəmi 11 600 azarkeş gəlib.
Qeyd edək ki, 1-ci tur 20700, 2-ci tur 23300, 3-cü tur 23900, 4-cü tur isə 10900 azarkeş stadionlara gəlib. Ümumilikdə Premyer Liqanın dörd turu ərzində hər qarşılaşmanı orta hesabla 3581 azarkeş canlı izləyib. (PFL)
