2 sentyabr 2011 18:52
Paşa Əliyev: 2-3 il sonra çempionluğa oynayacağıq
Bu mövsüm futbol üzrə Azərbaycan birinci divizionunun debütantlarından olan Biləcərinin “Lokomotiv” klubunun məqsədi gənc futbolçuların peşəkarlıq səviyyəsini artırmaqdı. Azerisport.az xəbər verir ki, bu barədə klubun məşqçisi Paşa Əliyev məlumat verib:
“Bildiyiniz kimi 17 yaşlı futbolçular arasında keçirilən Azərbaycan çempionatında “Bakı” klubu çempion oldu. Həmin heyəti dağıtmamaq üçün qərara gəldik ki, birinci divizionda mübarizəyə qoşulaq. Klubu yaratmaqda da əsas məqsədimiz bu futbolçuların peşəkarlıq səviyyəsini daha da artırmaq, Premyer Liqada çıxış edəcək güclü komanda formalaşdırmaqdı. Heyətimiz “Bakı” klubunun gənc futbolçuları əsasında formalaşdırılıb. Rəhbərlik bizim qarşımızda nəticəyə oynamağı məqsəd qoymayıb. Əsas məqsədimiz güclü, təcrübəli futbolçular yetişdirməkdi. Hər oyunda gözəl oyun nümayiş etdirib, qalib gəlmək üçün meydana çıxacağıq”.
“Püşkatmada birinci pillə bizə nəsib oldu. İstərdim ki, çempionatın sonunda turnir cədvəlində də birinci olaq. Ancaq, bu, çətin olacaq. Çünki, rəqiblərimizin heyətində təcrübəli futbolçular var. 2-3 il birinci divizionda çıxış edib komandanı tam formalaşdırdıqdan, oyunçuların təcrübəsini artırdıqdan sonra çempionluğa oynayacağıq”.
