2 sentyabr 2011 11:15
Altı cavabsız qolun şərhi: Yığmada rəqabət yoxdu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernard Lippert fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı məşqçi 0:6 hesablı darmadağından sonra bunları dilə gətirib:
“Ümumi götürsək, komanda taktiki cəhətdən düzəlib. Ancaq oyunçuların ayrı-ayrılıqda fiziki və texniki bacarıqları ingiltərəli futbolçuların səviyyəsindən çox uzaqdı. Bu, oyunda özünü açıq-aydın göstərdi. Futbolçular bütün bacarıqlarını ortaya qoydular. Təəssüf ki, bu bacarıqları İngiltərə yığması kimi bir komandaya qarşı kifayət etmədi. Hesabın bu cür alınmasını iki amillə əlaqələndirərdim. Birincisi, oyunçularımız hələ də kifayət qədər oyun təcrübəsinə malik deyil. İkincisi isə, komandada lazımi rəqabət yoxdu. Həmişə eyni futbolçuların xidmətindən istifadə edirik. Bu da heç də həmişə uğur gətirən amil deyil”.
