3 sentyabr 2011 02:35
Finlər Boretslə Savinovu darmadağın etdilər
"Bakı"nın futbolçuları Avropa çempionatının seçmə mərhələsində darmadağınla üzləşiblər. Azerisport.az xəbər verir ki, Aleksey Savinovla Vadim Boretsin çıxış etdiyi Moldova səfərdə Finlandiyaya yenilib - 1:4.
Qarşılaşmada hesabı 11-ci dəqiqədə Hamalaynen açıb. O, ilk yarının başa çatmasına 2 dəqiqə qalmış dublunu rəsmiləşdirib. 52-ci dəqiqədə Forsell penaltidən daha bir qol vurub. 70-ci dəqiqədə Armaş Savinovla Boretsi avtoqolla üzüb. Moldovalıların təsəlli qoluna isə 85-ci dəqiqədə sonradan meydana çıxmış Sergey Alekseyev imza atıb.
Savinovla Borets meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Onlarla yanaşı, ölkəmizdə "Karvan", "Standard" və AZAL-ın formasını geyinmiş Anatoli Doroş da meydana start heyətində çıxıb. Lakin o, 51-ci dəqiqədə penaltiyə səbəb olmaqla sarı vərəqə aldıqdan cəmi 4 dəqiqə sonra oyundaşıyla əvəzlənib.
