4 sentyabr 2011 14:18
Simon Minolye: Azərbaycan yığmasının sadəcə bəxti gətirdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika yığmasının qapıçısı Simon Minolye bu görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşü belə dəyərləndirib:
“Demək olar ki, bizim Avropa çempionatına getmək şanslarımız Bakıda havaya uçdu. Biz rəqibdən daha güclü idik. Mən hətta deyərdim ki, 70 dəqiqə top ancaq bizim ayağımızda idi. Bu, çox biabırçı və ayıb bir nəticədi. Bu qədər epizodu boşa verib, axırda da öz qapımızda qol gördük. Məncə, Azərbaycan yığmasının sadəcə, bəxti gətirdi. Bizimsə yox. Bakıya qələbə üçün gəlmişdik. Çox təəssüf ki, qarşıya qoyulan məqsədə nail ola bilmədik”.
O, martda qələbə qazandıqları (4:1) Brüsseldəki oyunla müqayisədə millimizin nəsə etdiyini düşünmür: “Düzünü deyim ki, Azərbaycan millisindən xüsusi heç nə görmədim. Ötən görüşdən yeganə fərq onda idi ki, bu dəfəki oyun Bakıda keçirilirdi. Sizin futbolçularınızı ayrı-ayrı tanımıram. Nəzərə alsaq ki, mən oyunun böyük hissəsini qapımda oturub öz oyunçularımızın çıxışını izləyirdim, sizinkilər barədə nəsə danışa bilmərəm”.
