4 sentyabr 2011 18:48
Yığmamız mərkəzi arenada açıq məşqə çıxdı
Futbol üzrə Azərbaycan yığması bu gün mətbuat üçün açıq məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsində jurnalistlər də iştirak ediblər.
18:15-də başlanan məşqdə futbolçular öncə qaçmaqla məşğul oldular. Ardından isə toplu çalışmalara start verildi.
Qeyd edək ki, hazırlıq prosesində millimizin və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev də iştirak edirdi. Halbuki, sentyabrın 2-də keçirilən Belçika ilə oyunda (1:1) növbəti sarı vərəqəsini alan bu futbolçu cəzalı vəziyyətə düşüb və qarşıdakı görüşdə millimizə kömək edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan yığması sentyabrın 6-da Bakıda Qazaxıstanı qəbul edəcək. Mərkəzi arenada keçiriləcək görüş saat 20:00-da başlayacaq.
