4 sentyabr 2011 19:11
Milli komandada Aqil Nəbiyev şoku
Futbol üzrə Azərbaycan yığması qarşıdan gələn Qazaxıstanla oyuna daha bir itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, komandamızın və AZAL-ın yarımmüdafiəçisi Aqil Nəbiyevin zədəsi hələ də tam sağalmayıb.
O, Belçika ilə sentbayrın 2-də keçirilən oyunda (1:1) meydanda olsa da, bu gün mərkəzi arenada keçirilən açıq məşqdə komanda yoldaşları ilə birgə çalışmayıb. Baş məşqçi Berti Foqts da onun sağlıq durumuyla yaxından maraqlanıb. Məşqçilər korpusu Nəbiyevin fizioterapevt nəzarətində ayrıca çalışmasına qərar veriblər. Bu üzdən də Aqilin qarşıdakı görüşdə forma geyib-geyməyəcəyi sual altındadı.
Xatırladaq ki, millimiz Qazaxıstanla oyunda Elnur Allahverdiyevin xidmətindən yararlana bilməyəcək. “Xəzər Lənkəran”ın müdafiəçisi Belçika ilə görüşdə bu seçmə tsikldə ikinci dəfə sarı vərəqə aldığından cəzalı duruma düşüb.
Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
