5 sentyabr 2011 16:00
Neftçi yeni transfer etdiyi futbolçuya qapını göstərdi
"Neftçi" qvineyalı futbolçu Kanfori Silla ilə anlaşmanı ləğv edib. Azerisport.az xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin fiziki durumunun qənaətbəş olmamasıdı.
Silla flaqmanın məşq proseslərində iştirak etməklə yanaşı, "Neftçi"nin əsas və əvəzedici komandaları arasında sentyabrın 3-də keçirilmiş yoxlama görüşündə də meydana çıxıb. Karyerası ərzində "Şarlerua" (Belçika), "Erqotelis" (Yunanıstan), "Kallitea" (Yunanıstan), "Sivasspor" (Türkiyə), "İstanbulspor" (Türkiyə), "Konyaspor" (Türkiyə) və "Etual de Qvineya" (Qvineya) klublarının şərəfini qoruyan futbolçunun hazırkı fiziki durumu məşqçilər korpusunu qane etməyib. Buna görə də müqavilənin şərtlərinə uyğun olaraq, futbolçu ilə anlaşma ləğv olunub. "Neftçi" sentyabrın 4-dən komandanın məşqlərinə qatılmayan Kanfori Silla ilə yollarını rəsmən ayırıb.
Xatırladaq ki, müqavilənin şərtlərinə görə, oyunçu məşq proseslərində özünü yaxşı tərəfdən göstərəcəyi halda müqavilə avtomatik olaraq qüvvəyə minəcəkdi.
