5 sentyabr 2011 16:12
Böyükağa Hacıyev: Bu, Neftçinin hədəflərinə uyğun deyil
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev qvineyalı futbolçu Kanfori Silla ilə anlaşmanın ləğv edilməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bununla bağlı aşağıdakıları bildirib:
"Kanfori Silla yaxşı futbolçu olsa da, fiziki hazırlığı bizi qane etmədi. Fiziki durumunun istənilən səviyyədə olması üçün ən azı 1,5-2 ay müddətinə ehtiyac var ki, bu da "Neftçi"nin hədəflərinə uyğun deyil. Artıq klub rəhbərliyinə raport vermişik və bu haqda müvafiq qərar verilib".
Qeyd edək ki, 31 yaşlı Silla flaqmanın məşq proseslərində iştirak etməklə yanaşı, "Neftçi"nin əsas və əvəzedici komandaları arasında sentyabrın 3-də keçirilmiş yoxlama görüşündə də meydana çıxıb. Lakin futbolçunun hazırkı fiziki durumu məşqçilər korpusunu qane etməyib. Buna görə də müqavilənin şərtlərinə uyğun olaraq, futbolçu ilə anlaşma ləğv olunub. "Neftçi" sentyabrın 4-dən komandanın məşqlərinə qatılmayan Kanfori Silla ilə yollarını rəsmən ayırıb. Xatırladaq ki, müqavilənin şərtlərinə görə, oyunçu məşq proseslərində özünü yaxşı tərəfdən göstərəcəyi halda müqavilə avtomatik olaraq qüvvəyə minəcəkdi.
