5 sentyabr 2011 16:21
Galatasaray daha bir ulduz futbolçunu heyətinə qatdı
Türkiyənin “Galatasaray" klubu transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, İstanbul klubu "Bursaspor"un heyətindən kənarlaşdırılan Sercan Yıldırımla anlaşıb.
"Sarı-qırmızılılar" ulduz futbolçu ilə 5 illik müqavilə imzalayacaq. "Galatasaray" Sercan üçün "Bursaspor"a 3 milyon avro və Musa Çağıranı verəcək.
Rəsmi müqavilə imzalanmadan açıqlama vermək istəməyən futbolçu "Galatasaray"la anlaşdığını təsdiq edib: "Anlaşma əldə olundu. Xeyirli olsun".
Qeyd edək ki, "Bursaspor" rəhbərliyi "Anderlecht"lə Avroliqa oyunundan sonra baş məşqçi Ertoğrul Sağlamın tələbi ilə Volkan Şen və İbrahim Kaşla birlikdə Sercan Yıldırımı da heyətdən kənarlaşdırmışdı.
"Bursaspor"un yetirməsi olan Sercan 2007-2011-ci illərdə bu komandanın əsas heyətində 81 oyun keçirərək, 23 qola imza atıb və 2010-cu ildə Türkiyə çempionu olub. Türkiyə U-15, U-16, U-17, U-18, U-19 və U-21-də A millidə 10 oyuna çıxaraq, 2 qol vurub.
