5 sentyabr 2011 17:34
Berti Foqts Elnur Allahverdiyevə əvəzləyici tapdı
Futbol üzrə yığmamızın baş məşqçisi Berti Foqts Elnur Allahverdiyevə əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, onu sabah keçiriləcək Qazaxıstanla oyunda Ufuk Budaq əvəzləyəcək.
Qeyd edək ki, millimizin əsas heyət üzvlərindən olan Elnur sentyabrın 2-də keçirilən Belçika ilə oyunda seçmə mərhələdə ikinci sarı vərəqəsini aldığı üçün cəzalı vəziyyətə düşdü. Bu üzdən də onun Rail Məlikovla əvəzlənməsi variantı daha inandırıcı görünürdü. Hər halda sağ cinahda Mahir Şükürov müdafiədə, Əfran İsmayılov isə yarımmüdafiədə oynadığından, “Neftçi”nin kapitanın son oyunda da ehtiyac duyulmamışdı. Nəzərə alsaq ki, Rail vaxtilə də Berti Foqts tərəfindən müdafiənin solunda oynadılıb, onun “Xəzər Lənkəran”lı həmkarını əvəzləməsi tamamilə mümkün idi.
Ancaq deyəsən, almaniyalı mütəxəssis Railə bu dəfə də ehtiyac duymayacaq. Hər halda əldə etdiyimiz son bilgiyə görə, o, bu mövqedə yığmamızın yeni tapıntılarından olan Ufuk Budağı sınamaq istəyir. Öncə gənclərdən ibarət yığmamızda çıxış edən, Makedoniya ilə yoldaşlıq görüşündə isə əsas komandamızda debüt edən Almaniyanın “Feriburg” klubun müdafiəçisi artıq sabah ilk rəsmi matçına da çıxa bilər.
Maraq üçün sonda onu da bildirək ki, hələlik yığmamızın sabahkı oyun üçün tam heyəti məlum deyil.
