6 sentyabr 2011 00:20
Daha bir Belçika – Azərbaycan dueli
Bu gün futbol üzrə gənclərdən ibarət yığma komandamız (U-21) AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, futbolçularımızın bu dəfəki rəqibi Belçika yığmasıdı.
Qeyd edək ki, Bernard Lippertin yetirmələri yeni tsiklə çox uğursuz başlayıblar. Sentyabrın 1-də Uotfordda keçirilən İngiltərə ilə oyunda futbolun yaradıcıları yığmamıza düz 6 cavabsız qol vurmuşdular. Elə Belçika ilə oyunda da qələbə qazanmaq şansımız demək olar ki, yoxdu. Amma ən azı layiqli müqavimət göstərib, normal oyunla uduzmaq, hətta xal da almaq olar.
Düzdü, İngiltərə ilə oyunda olduğu kimi, Belçika ilə qarşılaşma da səfərdə keçiriləcək. Bu üzdən Lippertin yetirmələrinin işi çətin olacaq. Yığmamız kifayət qədər güclü rəqibi qarşısında qələbəyə ümid etməyə bilər. Ən azı son illərdəki uğursuz çıxışına görə. Amma nəzərə alsaq ki, bu, futboldu və sona kimi vuruşmaqla hər şeyə nail olmaq mümkündü, o zaman 1 xala ümid etməyə dəyər.
Yeri gəlmişkən, bu oyunlar azərbaycanlı futbolçular üçün yalnız seçmə mərhələdə xal qazanmaq baxımından önəm daşımır. Bu oyunlarda millimizin üzvləri Avropanın aparıcı klublarının skautlarının da diqqətini çəkə bilərlər. Məsələ burasındadı ki, ən azı Belçika yığmasının gənc futbolçuları avropalıların xüsusi diqqət mərkəzindədilər. Onları izləməyə gələcək menecerlər təbii ki, bizim futbolçuları da iş başında görəcəklər və yığmamızın üzvləri onların diqqətini çəkə bilərlər. Əlbəttə ki, yaxşı oyunla…
Millimizin indiyə qədərki seçmə mərhələlərdə uğursuz statistikasını da diqqətinizə çatdırmaq istərdik. Nəzərinizə çatdıraq ki, bu günə kimi 67 seçmə mərhələ oyununa çıxmış Azərbaycan U-21-i onlardan yalnız 5-də (!) qələbə qazanıb. Daha 11 görüşdə heç-heçə qeydə alınarkən 51 (!) matçda futbolçularımız meydandan məğlubiyyətlə ayrılıblar.
Qeyd edək ki, Belçika - Azərbaycan matçı Antverpendəki Olimpiya stadionunda keçiriləcək. Qarşılaşmanı Slovakiyadan olan İvan Krujlyak idarə edəcək.
Sonda onu da bildirək ki, millimizin Belçika ilə oyunu ilə eyni gündə qrupumuzda daha bir görüş keçiriləcək. Oktyabrın 6-da Azərbaycan U-21-nin qonağı olacaq Norveç yığması səfərdə İslandiyanın qonağı olacaq. Qrupumuzda yer alan daha bir komanda – İngiltərə isə bu turda istirahət edəcək.
Qeyd edək ki, baş məşqçi Bernard Lippert Belçika ilə oyun üçün aşağıdakı futbolçulara dəvət göndərib:
Qapıçılar: 1. Səlahət Ağayev, 12. Osman Umarov, 22. Emil Balayev;
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 13. Mixail Zaytsev, 16. Fərrux Rəhimov, 17. Aleksandr Qross, 18. Ali Gökdemir;
Yarımmüdafiəçilər: 5. Novruz Məmmədov, 6. Mirhüseyin Seyidov, 7. Araz Abdullayev, 8. Emin Mustafayev, 10. Eşqin Quliyev, 11. Kamil Nurəhmədov, 15. Amit Quluzadə, 20. Hacı Əhmədov, 21. Cavid İmamverdiyev;
Hücumçular: 9. Orxan Həsənov, 19. Cihan Özkara, 23. Tural İsgəndərov.
Belçika yığması isə aşağıdakı 18 futbolçunun ümidinə qalıb:
Arnor Anqeli, Kristian Benteke Liolo, Paul-Joze Mpoku, Gianni Bruno, Kristof D`Haene, Qreqori Mertens, Dmitri Daseleyre, Pyer-Yves Nqava, Laurens de Bok, Nill de Pauv, Gillayme Fransis, Dries Vuytens, Tomas Kaminski, Tomas Meyner, Tibaut van Akker, Kolin Kosemans, Yens Naessens, Funso Ojo.
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
6 sentyabr
21:00. Belçika – Azərbaycan
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Antverpen. Olimpiya stadionu.
