6 sentyabr 2011 00:12
Tarixi (alt-üst edəcək) şans!
Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Qazaxıstanı qəbul edəcək.
Qeyd edək ki, Qazaxıstan yığması AÇ-2012-nin seçmə mərhələsində millimizlə yanaşı qrumuzun autsayderləri sırasında yer alır. Rəqibimiz keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazandığı halda, qalan 6 görüşün hamısında meydandan məğlubiyyətlə ayrılıb. Miroslav Beranekin yetirmələri rəqib qapılarından 3 top keçirdikləri halda, özləri 17 dəfə buna məyus olublar.
Yeri gəlmişkən, Qazaxıstan seçməsinin qazandığı yeganə qələbə elə Azərbaycan üzərində rəsmiləşib. Belə ki, bu il iyunun 3-də Astanada baş tutan Qazaxıstan - Azərbaycan görüşü 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Həmin görüşdə yığmamızın ən azı uduzmayacağına ümidlər çox olsa da, gözləmədiyimiz nəticə ilə üzləşmişdik.
Bütövlükdə isə, bu, sözügedən yığmalar arasında 8-ci qarşılaşma olacaq. Məsələ burasındadı ki, Azərbaycan və Qazaxıstan yığmaları indiyə kimi həm yoldaşlıq oyunlarında, həm də seçmə mərhələ oyunlarında üz-üzə gəlib. Tərəflər arasında ilk qarşıdurma 1993-cü ilə təsadüf edib. Həmin ilin iyun ayında Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi Qazaxıstanın U-21 komandasıyla qarşılaşmış və görüş 3:3 hesabıyla başa çatmışdı. 2004-cü ilin aprel ayının 28-də Almatıda keçirilən yoldaşlıq oyununda isə millimiz 3:2 hesablı qələbəyə sevinib.
2006-cı ilin 6 sentyabrında Bakıda keçirilən AÇ-2008-in seçmə mərhələ oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Elə 2007-ci ilin iyun ayının 6-da Almatıda baş tutan görüş də eyni hesabla bitmişdi. Elə həmin il, bu oyundan öncə - martın 9-da Çimkənddə keçirilən beynəlxalq turnirdə Qazaxıstanla Azərbaycan yığmaları daha bir dəfə üz-üzə gəlmiş və qazaxlar 1:0 hesabıyla qələbə qazanmışdılar. 2008-ci ilin fevral ayının 3-də Türkiyənin Antalya şəhərində baş tutan yoldaşlıq oyununda isə tərəflər qolsuz heç-heçəyə razılaşmışdılar.
Beləliklə, geridə qalan 7 görüşdən yalnız 1-də qələbə qazandığımız halda, 2-də məğlubiyyətlə üzləşmişik. Daha 4 qarşılaşmada isə tərəflər sülhə razılaşıblar. 9 qol vurduğumuz halda, öz qapımızdan 10 dəfə top çıxarmalı olmuşuq.
Göründüyü kimi, Qazaxıstan əslində Avropanın zəif yığmalarından hesab olunsa da, millimiz bu rəqibi ilə keçmiş görüşlərində də ciddi uğur qazana bilməyib. Hətta bu komanda FİFA reytinqində və digər göstəricilərdə Azərbaycandan xeyli geri qalmasına rəğmən. Amma reallıqda qazaxlar bizdən daha güclü olduqlarını meydanda sübut edirlər.
Bu dəfə isə millimiz nəyin bahasına olur-olsun, əleyhimizə olan statistikanı yaxşılaşdırmalı, yəni rəqibini mütləq məğlub etməlidi. Çünki buna sadəcə borcluyuq. Əvvəla, Qazaxıstan bu seçmə tsikldə 6 xal almağa borclu olduğumuz yeganə rəqibimiz idi. Amma onsuz da tənqiddən başqa heç nə qazanmayan Berti Foqtslu yığma məhz bu rəqibinə də səfərdə uduzmaqla onsuz da narazılığı daha da artırıb. İndi həmin ləkəni yumaq üçün qələbə qazanmaqdan başqa yol yoxdu. Heç olmasa, bu dəfə qazaxlardan 3 xal ala bilək. Əks halda Qazaxıstan da seçmə mərhələlərdə yığmamız üçün arzuolunmaz rəqibə çevriləcək.
Bundan başqa Qazaxıstanı məğlub etməklə həm də qrup sonuncusu olmayacağımızı rəsmiləşdirə bilərik. Düzdü, buna heç-heçə ilə də nail olmağımız mümkündü. Amma məhz Astanadakı yenilgini unutdurmaq üçün futbolçularımızın qarşısında bir yol var ki, o da 3 xal qazanmaqdı. Axı Belçika kimi güclü komandadan xal alan, Türkiyə kimi iddialı rəqibini məğlub yola salan millimizin qazaxlara növbəti dəfə xal verməsi bağışlanmaz olacaq. Bu, həm 4 gün öncəki heç-heçənin təsadüfi olduğunu sübut etməklə yanaşı, həm də Azərbaycan futbolunun inkişafda olduğuna dair fikirlərin mənasız olduğunu bir daha göstərəcək.
Yeri gəlmişkən, mümkün qələbə almaniyalı mütəxəssisin və onun komandasının Azərbaycan futbolunda yeni tarix yazmasına gətirib çıxaracaq. Ona görə ki, indiyə qədər Azərbaycan qatıldığı seçmə mərhələlərdə 5-dən artıq xal toplaya bilməyib. Lakin qazaxlarla oyunda qazanılacaq qələbə ilk dəfə seçmə mərhələni ən azı 7 xalla bitirməyimizə şərait yaradacaq. Lakin nəzərə alsaq ki, millimizi qarşıda hələ Avstriya ilə ev, Türkiyə ilə səfər qarşılaşması da gözləyir, o zaman bu göstəricini bir qədər də yaxşılaşdırmaq mümkün olacaq.
Qazaxıstan ilə görüşdə qazanılacaq qələbə komandamızın həm də oktyabrın 7-də Bakıda keçiriləcək Avstriya ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxması baxımından da böyük önəm kəsb edir. Hər halda bu seçmə mərhələdə komandamız ev oyunlarından yalnız Almaniya ilə qarşılaşmanı məğlub başa vurub. Türkiyə və Belçika isə Bakıda 3 xala həsrət qalıb. Uğurlu seriya Qazaxıstanla da görüşdə davam etsə, eyni aqibəti Avstriyaya da yaşatmağımız istisna olunmamalıdı.
Bundan əlavə, futbolçular uğurlu çıxış etməkə Foqtsun yığmadakı gələcək taleyini də müəyyənləşdirmiş olacaqlar. Axı Qazaxıstan və Avstriya ilə oyunlarda ən azı 3-4 xal qazanılmasa, almaniyalının postunda qalması çətin olacaq. Çünki bu, Foqtsun Azərbaycandakı ikinci tisklidi və bunu da boşa verməsi ona baha başa gələcək.
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 7-ci matçına çıxacaq. Bunlardan dördü seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3 hesabıyla uduzub, Belçika ilə son oyunda isə heç-heçəyə (1:1) nail olub. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1. Bir sözlə, yığmamız 2011-ci ildə yalnız Belçika ilə oyunda şeytanın qıçını sındırıb, məğlubiyyətdən qaça bildi. Qələbə üzünə isə həsrətik və bu həsrətə məhz bu gün son qoyulmalıdı.
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 178-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 28-də qələbə qazanmışıqsa, 44-də də heç-heçə ilə təsəlli tapmışıq.105 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 117 qol vurduğumuz halda, öz qapımızdan 321 top çıxarmışıq.
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
6 sentyabr
20:00. Azərbaycan – Qazaxıstan
Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (hamısı Danimarka).
Hakim-inspektor: Marinus Koopman (Hollandiya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
| 1 | Almaniya | 8 | 8 | 0 | 0 | 28 | - | 5 | 24 |
| 2 | Türkiyə | 7 | 4 | 1 | 2 | 11 | - | 8 | 13 |
| 3 | Belçika | 8 | 3 | 3 | 2 | 16 | - | 11 | 12 |
| 4 | Avstriya | 7 | 2 | 1 | 4 | 12 | - | 16 | 7 |
| 5 | Azərbaycan | 7 | 1 | 1 | 5 | 6 | - | 19 | 4 |
| 6 | Qazaxıstan | 7 | 1 | 0 | 6 | 3 | - | 17 | 3 |
