5 sentyabr 2011 00:22
Arda Turanın fanatı millimizlə oyunu buraxa bilər (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah yığmamızın qonağı olacaq Qazaxıstan seçməsi Bakıya səfər öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, rəqib komandanın əsas heyət oyunçularından Muxtar Muxtarovun millimizə qarşı oynaması sual altına düşüb.
Buna sözügedən futbolçunun sentyabrın 2-də keçirilən Türkiyə - Qazaxıstan matçında (2:1) zədələnməsi səbəb olub. Futbolçu həmin görüşün gedişində Burak Yılmaz ilə hava mübarizəsi zamanı burnunu sındırıb.
Bu zədəsini Türkiyəd sağaltmaqla məşğul olan Muxtarov Bakıya gətirilən heyətdən çıxarılmasa da, onun matça hazır olub-olmayacağı barədə hələlik dəqiq açıqlama verilmir.
Yeri gəlmişkən qeyd edək ki, Muxtarov həm də Türkiyə millisinin üzvü Arda Turanın əsl fanatı imiş. Bu məlumatı isə Türkiyə mətbuatı üzə çıxarıb. Maraqlıdı ki, Muxtarov hətta 2 yaşlı oğluna Arda adını qoyub. Elə Türkiyə milli komandasının rəsmilərindən Hüseyn Coşkun oyundan sonra feyr-pley nümunəsi olaraq ziyarət etdiyi Muxtarova xəstəxanada Arda Turanın formasını hədiyyə edib.
Türkiyə - Qazaxıstan matçı ilə bağlı da danışan Muxtarov bunları dilə gətirib: “Məğlub olduq. Amma yaxşı mübarizə apardıq. İndi Azərbaycan ilə Türkiyəni də maraqlandıran vacib oyunumuz var. Qələbə qazansaq, qrupu son sırada bitirməyəcəyik”.
