6 sentyabr 2011 00:57
Millimizin rəqibi əzmkar qələbəyə sevindi
Futbol üzrə gənclərdən ibarət yığmalar (U-21) arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan İngiltərə yığması yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Stüart Pirsin yetirmələrinin rəqibi İsrail U-21-i olub.
Qarşılaşmaya yəhudilər daha fəal başlayıblar və görüşün 25-ci dəqiqəsində hesabı açıblar. Lakin britaniyalı futbolçular özlərində güc taparaq nəinki hesaba tarazlıq gətiriblər, hətta rəqibi darmadağın ediblər. Belə ki, 58-ci dəqiqədə Ueqhorn hesabı bərabərləşdirdikdən cəmi 3 dəqiqə sonra Sordell komandasına daha bir qol sevinci yaşadıb. 83-cü dəqiqədə isə Delfuneso penaltini dəqiq yerinə yetirib. Lakin bu da görüşdə son olmayıb. Əlavə olunmuş dəqiqələrdə Lensberi ingilislərə qələbə qazandıran qola imza atıb – 4:1. Görüş elə bu hesabla da yekunlaşıb.
Xatırladaq ki, 8-ci qrupda Belçika, Norveç və İslandiya ilə yanaşı yığmamıza rəqib olan İngiltərə U-21-i seçmə mərhələ çərçivəsində ilk oyununda sentyabrın 1-də qəbul etdiyi Azərbaycan futbolçularını 6 cavabsız qolla məğlub etmişdi. İngiltərə ilə digər oyunumuz isə düz bir il sonra – 2012-ci il sentyabr ayının 6-da Bakıda baş tutacaq.
