7 sentyabr 2011 14:00
Avstriya yığmasını Bakıya Konstantini gətirəsi oldu
Futbol üzrə AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Avstriya millisinin baş məşqçisi Didi Konstantininin gözlənilən istefası gerçəkləşməyib. Azerisport.az xəbər verir ki, o, postunda qalmağa qərar verib.
Qeyd edək ki, sentyabrın 2-də Almaniyaya 2:6 hesablı yenilgidən sonra hamı bu mütəxəssisin yığmadan gedəcəyini düşünürdü. Elə Konstantini özü də istefasının mümkünlüyünü istisna etməmişdi.
Amma dünən keçirilən Türkiyə ilə oyunda qazanılan xal baş məşqçini xilas edib. Qardaş ölkə təmsilçisi ilə evdə qolsuz heç-heçədən sonra Avstriya Futbol İttifaqının prezidenti Leo Vindtner by gün baş məşqçiylə görüşərək, ona güvəndiklərini bildirib.
Belədə, Avstriya yığmasını Bakıya Konstantininin gətirəcəyi də dəqiqləşib. Qeyd edək ki, Vyanada keçirilən oyunda yığmamızı 3:0 hesabıyla darmadağın etmiş Avstriya oktyabrın 7-də Bakıda Azərbaycanla cavab oyununa çıxacaq.
