8 sentyabr 2011 17:50
Təl-Əviv Maccabisinin İstanbula gəlişinə icazə verildi
UEFA Avropa Liqasının qrup mərhələsində Türkiyənin “Beşiktaş” klubu ilə eyni qrupda yer alan İsrailin “Maccabi” (Təl-Əviv) komandasının İstanbula gəlişində heç bir problem olmayacaq. Azerisport.az xəbər verir ki, bu haqda qardaş ölkənin Genclər və İdman naziri Suat Kılıç məlumat verib.
O, “Beşiktaş” – “Maccabi” matçının neytral meydanda keçirilməsinə heç bir gərək olmadığını dilə gətirib: “Bu qarşılaşma öncədən təyin olunan yerdə və tarixdə oynanılacaq. İstanbul mədəniyyətlər beşiyidi. Türkiyə ilə İsrail arasında müxtəlif məsələlərdə sıxıntılar yaşanmaqdadı, ancaq bu matçın oynanılmamasını zəruri edən durum yoxdu. İsrail klubu “Beşiktaş” ilə ən rahat şəkildə matçını oynayacaq və geri dönəcək. Hər şeydən öncə onu nəzərə almaq lazımdı ki, bu matçla bağlı söz sahibi UEFA və FIFA-dı. İsrailə girişdə bizə necə münasibət göstəriləcəksə, biz də eyni şəkildə onları qarşılayacağıq. İstənilən halda İsrail klubu gələcək, ən etibarlı şəkildə matçını oynayıb, ölkəsinə qayıdacaq”.
Qeyd edək ki, son dövrlər Türkiye ilə İsrail arasında münasibətlərin gərginləşməsi səbəbindən “Beşiktaş” – “Maccabi” görüşünün neytral meydanda keçirilməsi barədə fikirlər səslənirdi.
