8 sentyabr 2011 17:37
Qəzaya uğrayan təyyarə ilə Cavadovun komandası da uçurmuş
Rusiya mətbuatı “Lokomotiv” xokkey klubunu daşıyan və dünən qəzaya uğrayan “Yak-42” təyyarəsi ilə bağlı maraqlı bir məlumat yayıb. Azerisport.az xəbər verir ki, məlumatda “Volqa” klubunun da səfər oyunlarına məhz həmin təyyarə ilə getdiyini iddia edir.
Hətta komanda həftəsonu “Anji” ilə keçirəcəyi səfər matçı üçün Mahaçqalaya məhz bu təyyarə ilə uçmalı imiş. Faktı “Volqa”nın sabiq prezidenti Aleksey Qoyxman da təsdiqləyib. Onun sözlərinə görə, bu günə qədər təyyarədə hər hansı problem olmayıb:
“Mövsümün əvvəlində bu aviakompaniya ilə müqavilə imzaladıq. Anlaşmaya əsasən, komandanı səfər oyunlarına məhz “Yak-42” təyyarəsi aparırdı. Bu günə qədər onun heç bir problemi olmayıb. Bu yaxınlarda texniki baxışdan da keçib. Təyyarənin niyə qəzaya uğradığı hələ də məndə şübhə doğurur”.
Qeyd edək ki, Nijni-Novqorod klubunda milli komandamızın hücumçusu Vaqif Cavadov da çıxış edir. Qəzaya uğrayan təyyarədən “Volqa”dan başqa, “Krasnodar” və “Spartak” (Moskva) klubları da istifadə edirdilər.
