8 sentyabr 2011 18:26
“Şans verilsə, ondan maksimum istifadə etməyə çalışacağam”
"İnter"in gənc qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Bu yaxınlarda "İnter" təlim-məşq toplanışı keçirdiyi Gürcüstandan qayıdıb. Lakin sən Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət olunduğundan həmin toplanışda iştirak etmədin...
- Bəli, toplanışda iştirak edə bilmədim. O vaxt mən U-21-lə İngiltərə matçına hazırlaşırdım. Gənclərdən ibarət milli komandaya dəvət almaq mənə xoşdu. Hesab edirəm ki, əsas və ya gənclərdən ibarət milli komandalarda çıxış etməkdən asılı olmayaraq, ölkənin şərəfini qorumaq böyük fəxrdi.
- Qarşıdakı "Simurq"la matç barədə nə düşünürsən?
- "Simurq" asan rəqib deyil. Bu komandada yaxşı futbolçular cəmləşib, onların yeni məşqçisi var. Buna görə də, onlar çox güman ki, oyunu özlərinə sərfəli nəticəylə başa vurmağa çalışacaqlar.
- Məlumdu ki, əsas qapıçı Giorgi Lomaya iki oyunluq diskvalifikasiya edilib. Bu, o deməkdi ki, onu ya Dmitri Kramarenko, ya da sən əvəz edəcəksən...
- Qeyd etmək istəyirəm ki, Kaxaber Tsxadadze özümü göstərmək üçün mənə şans verərsə, ondan maksimum dərəcədə istifadə etməyə çalışacağam.
- Meydana çıxmağa hazırsan?
- Hazıram. İstər fiziki, istərsə psixoloji cəhətdən hazıram. Yaxşı formadayam və səbrsizliklə meydana çıxmağı gözləyirəm.
- Yeri gəlmişkən, bu oyun sənin üçün "İnter"in heyətində debüt matç ola bilər...
- Bəli, axı çempionatda "İnter" üçün hələ oynamamışam. Ötən mövsüm MOİK-in heyətində meydana çıxmışam və indi də eyni addımı doğma "İnter"in formasında atmaq istəyirəm.
