8 sentyabr 2011 12:10
Hollandiya yığması da rəsmən AÇ-2012-də
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir yığma komandanın rəsmən qitə çempionatına vəsiqə qazandığı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı açıqlama yayıb.
Bu, E qrupunun lideri Hollandiya yığmasıdı. “Narıncılar” AÇ-2012-nin final mərhələsinə yüksələn dördüncü komanda olublar.
Qeyd edək ki, qitə birinciliyinin final mərhələsinə ilk olaraq sentyabrın 2-də məhz Azərbaycan yığmasının yer aldığı A qrupunun lideri Almaniya millisi vəsiqə qazanmışdı. Sentyabrın 6-da isə İtaliya və İspaniya da eyni sevinci yaşadı. Hollandiyanın adı isə rəsmi olaraq açıqlanmırdı.
Lakin qitə futbol qurumu Moldova ilə oyundan (2:0) bir gün sonra apardığı hesablamalardan sonra Hollandiyanın da final mərhələsinə çıxdığını bəyan edib. Baxmayaraq ki, bu komanda hələ qrup qalibi adını təmin etməyib. Çünki hesabında 24 xal olan hollandlar nəzəri cəhətdən ilk pilləni İsveçə uduza bilərlər. Amma məsələ burasındadı ki, son 2 oyunda məğlub olsalar belə, Bert van Marveykin komandası ən yaxşı qrup ikincisi adına sahib çıxacaq. Topladığı 24 xalın 18-ni ilk 5 yerin sahibindən qoparan hollandlar qrup ikincisi olsa, digər 2-ci yer sahiblərinin hamısından öndə olacaq.
Qeyd edək ki, qrupunda 2-ci yeri tutan 9 komandanın nəticələri müqayisə olunarkən sonuncu pillədə yer alan rəqiblərlə oyunlar nəzərə alınmır. Həmin oyunlarda ən yaxşı nəticəyə malik komanda birbaşa AÇ-2012-yə yüksəlmiş olacaq. Qalanları isə pley-off oyunlarında ən güclünü müəyyənləşdirməli olacaqlar.
