8 sentyabr 2011 12:23
Kəpəz AZAL-la oyuna 3 itki ilə çıxacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz” doğma meydanda AZAL-ı qəbul edəcək. Azerisport.az “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimova istinadən xəbər verir ki, komandanın heyətində bir neçə zədəli futbolçu var:
“Müdafiəçilər Muammer Erdoğdu və Azər Məmmədov zədəlidi. Qapıçı Elşən Poladovun da müalicəsi davam edir. İlk turlarda müdafiəçilərin zədəli olmasının nəticəsidi ki, “Kəpəz” hazırda Premyer Liqanın ən çox qol buraxan ikinci komandasıdı. Məhz buna görə arxa xətti gücləndirmək üçün komandaya iki yeni müdafiəçi - Milan Antiç və Razvan Tarlea transfer olundu”.
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri komandanın hazırlıqlarından da danışdı: “AZAL ilə oyuna ciddi hazırlaşırıq. Futbolçular gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Ötən tur “Bakı” üzərində əldə etdiyimiz səfər qələbəsi futbolçularımıza stimul verdi. AZAL ilə oyunda da qalib gəlib komandadakı yüksək əhval-ruhiyyəni davam etdirmək istəyirik. Doğma azarkeşlərimiz önündə oynayacağımız üçün bu oyuna çox böyük məsuliyyətlə hazırlaşırıq”.
