9 sentyabr 2011 00:37
Tsxadadze: Yaxşı ki, o qalmaqaldan sonra Bakıdan getdik
"İnter"in hücumçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Gürcüstandakı təlim-məşq toplanışı necə keçdi?
- Düşünürəm ki, bu toplanış komandanın xeyrinə olacaq. Yaxşı ki, “Bakı” ilə qalmaqallı matçdan sonra ölkədən getdik. Bu, psixoloji planda özümüzə gəlməyə imkan verdi. Bütün uşaqlar sakitləşdilər və bu oyunu unutdular. Mənfi emosiyalar və xoşagəlməz xatirələr arxada qaldı. Hesab edirəm ki, Gürcüstanda təşkil edilmiş toplanış istər “Simurq”la oyunda, istərsə çempionatın digər matçlarında bizə kömək edəcək.
- Məlum olduğu kimi, ötən mövsümün birinci hissəsini sən “Simurq”un heyətində keçirdin. Bu vəziyyət keçmiş klub yoldaşlarına qarşı oyunda sənə necəsə kömək edəcək?
- Bütün oyunlar mənim üçün vacibdi, ona görə ki, bütün rəqiblərə eyni yüksək əhval-ruhiyyə ilə yanaşıram. “Simurq” haqqında mənim yalnız xoş xatirələrim qalıb. Mən bu komandada yaxşıdan başqa heç nə görmədim. Zaqatalılara qarşı adi qaydada hazırlaşıram, meydana çıxaramsa, özümü göstərməyə çalışacağam.
- Biz bilirik ki, “Simurq”un heyətində vaxtilə “İnter”in formasını geyinmiş bir neçə futbolçu çıxış edir. Fikrincə, bu fakt “Simurq”a müəyyən üstünlük gətirirmi?
-Hesab edirəm ki, yüksək səviyyədə oynamış Robertas Poşkus və ya Andreys Rubins kimi futbolçular mümkün olanı həm göstəriblər, həm də təsdiqləyiblər. Fikrimcə, onların nəyisə sübut etməyə ehtiyacları yoxdu, axı bir çox uğurlara məhz “İnter”in heyətində nail olublar. Aydın olan budu ki, onlar peşəkar futbolçulardı və işlərini peşəkarcasına yerinə yetirəcəklər.
- Matçla bağlı proqnozun nə olacaq?
- Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir. Biz hücum futbolu oynayacağıq-rəqib də yaxşı hücum potensialına malikdi. Hesab edirəm ki, oyun kifayət qədər baxımlı alınmalıdı.
- Sentyabrın 7-də Kaxaber Tsxadadzenin ad günü idi. “Simurq”la oyunda qələbə “İnter” futbolçuları tərəfindən baş məşqçi üçün yaxşı hədiyyə olardı...
- Razıyam ki, qələbə ən yaxşı hədiyyə olardı. Buna görə də, bu hədiyyəni bağışlamaq üçün çox çalışırıq.
- Mövsümün başlanğıcı komanda üçün o qədər də inamlı alınmadı - 3 oyundan 3 xal topladı...
- Bəli, bu oyunlarda biz minimal nəticələrə nail olduq. İlk 3 turdan sonra biz aktivimizdə heç olmasa 6-7 xal olmasına ümid edirdik. Lakin bunun əvəzinə biz belə uğursuzluqla qarşılaşdıq. Təəssüf ki, alınmadı. Ancaq biz uğursuzluğa son qoymaqda qərarlıyıq. Hesab edirəm ki, bu mövsümdə “İnter” həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmağa qadirdi. Bunun üçün bizim lazım olan hər imkanımız var.
- Bundan başqa, komandada kifayət qədər yüksək səviyyəli daha iki hücumçu var - Girt Karlson və Enyo Krastovçev. “İnter”in oyunların əksəriyyətində meydana bir hücumçuyla çıxdığını nəzərə alsaq, çəkinmədən deyə bilərik ki, bu yer uğrunda rəqabət olduqca yüksəkdi. Belə futbolçularla rəqabət aparmaq çətin deyil ki?
- Komandada belə hücumçuların olması əlavə stimuldu. Bu vəziyyət bir dəqiqə də olsun rahatlaşmağa imkan vermir və hər epizodda və hər saniyədə diqqəti toplamağa vadar edir. Başlıcası budu ki, bu rəqabət sağlam və sırf idman xarakterli olsun. Deyim ki, istər Girts Karlsonla, istərsə yeni futbolçumuz Enyo Krastovçevlə dost münasibətlərimiz var. Meydanasa daha yaxşı formada olan hücumçu çıxır və bu, yalnız komandanın xeyrinə işləyir.
- Ötən mövsümdə komanda zəif realizasiyadan əziyyət çəkirdi. Hücumçular az qol vururdular. Sənin zənnincə, cari mövsümdə bu vəziyyət təkrarlanmayacaq ki?
- Hesab edirəm ki, bu təkcə hücumçulaırn problemi deyil. Hamı xatırlayır ki, Girt Karlson "Birlik Kuboku"nun bombardiri olmuşdu. Düşünürəm ki, bu, ümumkomanda problemidi. Lakin hesab edirəm ki, bu mövsümdə daha oturuşmuş heyətimiz var və həmin mənfi vəziyyət arxada qaldı.
