12 sentyabr 2011 02:51
Vaqif Sadıqov Volqa üzərində qələbəni dəyərləndirdi
Xəbər verdiyimiz kimi, Rusiya Premyer Liqasının 23-cü turunda öz meydanında "Volqa" ilə qarşılaşan "Anji" 2:1 hesablı əzmkarqələbəyə sevinib. Azerisport.az xəbər verir ki, bu oyunda cəzalı baş məşqçi Hacı Hacıyevi əvəzləyən həmyerlimiz Vaqif Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Hər şeydən öncə uşaqları layiqli qələbə qazanmaları münasibətilə təbrik edirəm. Eyni zamanda öz azarkeşlərimizə də təşəkkürümüzü bildiririk ki, bu gün sona kimi bizi yaxşı dəstəklədilər. Oyundan razı qaldım. Matçın nəticəsi oyuna görə oldu. "Volqa" ilə görüşdə yaxşı oynadıq. Hesabda geri düşməyimizə baxmayaraq, əsl əzmkarlıq nümayiş etdirdik. Biz artıq sürət yığmağa başlamışıq. İnanıram ki, qarşıda daha böyük qələbələr qazanacağıq. İlk qolun ofsayddan vurulması, eləcə də matçın sonunda qapımıza penalti təyin olunması lazım gəldiyi haqda fikirlərlə razı deyiləm. Vurulan qolda ofsayd görmədim. Eyni zamanda mübahisəli epizodda da müdafiəçimiz topu rəqibindən təmiz almışdı. Baş məşqçimiz bu gün oyunu tribunadan izləyirdi. Əlbəttə, o, baş məşqçi skameykasında oturanda, biz özümüzü daha inamlı hiss edirik. Bu gün onu sevindirmək istəyi daha çox idi”.
