12 sentyabr 2011 11:18
Qurban Qurbanov: Bu, karyeramda ancaq xeyrimə işləyəcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turunun “Sumqayıt Şəhər”lə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Son həftədə sizin yoxlunuzda hazırlaşmış komanda Premyer Liqanın debütantı ilə heç-heçə oynadı...
- Qeyd etdiyiniz amili də müəyyən mənada keçərli saymaq olar. Əlbəttə, futbolçular bu oyuna hazırlaşmışdılar. Amma bəzi şeylər var ki, onun üçün baş məşqçinin olması tələb olunur. Xüsusilə də belə rəqiblərlə oyunlar öncəsi.
- Yəqin ki, birinci hissədə heç öz komandanızı tanımadınız...
- Həqiqətən birinci hissədə oyunumuz tamamilə alınmadı. Amma buna baxmayaraq, 2-3 qol imkanımız oldu. Bu oyundakı xal itkisinin çoxlu səbəbləri var. Onlardan biri də Rəşad Sadiqovun yoxluğu idi.
- Artıq ikinci turdu xal itirir, qol vura bilmirsiz...
- Belə hallar olur. “Qəbələ” və “Sumqayıt Şəhər”lə oyunlarda bizim kifayət qədər qol vəziyyətlərimiz oldu. Belə qol vəziyyətlərini adətən Rauf Əliyevlə Georgi Adamiya qola çevirə bilir. Ola bilər ki, digərlərinin həmin epizodları qola çevirməməsinə haqq qazandırmaq olar. Amma Əliyevlə Adamiya vurmağa borcludular. Bu, xüsusilə Raufa aiddi. Soyuqqanlılıq çatışmırdı.
- Belə xal itkilərinə hazır idiniz?
- Belə şeyləri planlaşdırmaq və hər şeyə hazır olmaq lazımdı. Nəticə baxımından bizdə əvvəllər də belə şeylər olub. Amma bizi qarşıda “Xəzər Lənkəran”la oyun gözləyir. Həmin oyuna hazırlaşmalıyıq.
- Belə şeyləri planlaşdırmaq və hər şeyə hazır olmaq lazımdı. Nəticə baxımından bizdə əvvəllər də belə şeylər olub. Amma bizi qarşıda “Xəzər Lənkəran”la oyun gözləyir. Həmin oyuna hazırlaşmalıyıq.
- Almaniyaya səfəriniz necə keçdi?
- Səfərim olduqca səmərəli keçdi. Düz bir həftə Dortmundda oldum. “Borussia”nın məşqlərində və bir oyununda oldum. İki dəfə baş məşqçi Yurgen Kloopla söhbətim oldu. Həmçinin komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə də görüşdüm.
- Dortmund klubunun rəhbərliyi ilə daha çox nədən danışdınız?
- İlk növbədə bizimlə baş tutan oyunlardan.
- İlk növbədə bizimlə baş tutan oyunlardan.
- Bu səfərinizin ardından “Qarabağ”da hansısa ciddi dəyişikliyin olması mümkündü?
- Xüsusi dəyişiklik olmayacaq. Amma təcrübə toplamaq baxımından bu səfərin mənə çox faydası oldu. Diqqətimi çəkən hər bir detal gələcək karyeramda mənim ancaq xeyrimə işləyəcək.
