12 sentyabr 2011 12:11
Cavadovun Anjiyə qarşı oynamamasının səbəbi açıqlandı
Dünən Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” səfərdə “Anji”nin qonağı oldu.
Lakin o, digər həmyerlimiz Vaqif Sadıqovun çalışdığı Mahaçqala klubuna qarşı forma geyə bilmədi. Çünki baş məşqçi Dmitri Çerışev ona heç ilk “18-lik”də də yer verməmişdi.
Artıq Cavadovun “Anji”yə qarşı oynamamasının səbəbi dəqiqləşib. Belə ki, Nijni Novqorod klubunun rəsmi saytının yaydığı məlumata görə, Vaqif millinin düşərgəsindən kiçik zədə ilə dönüb. Buna görə də məşqçilər onunla bağlı riskli qərar vermək istəməyiblər. Onun qarşıdakı oyunlarda meydana çıxması gözlənilir.
Xatırladaq ki, “Anji” – “Volqa” görüşündə hesabı qonaqlar açsa da, Sadıqovun komandası 2:1 hesablı əzmkar qələbəyə sevinib.
