12 sentyabr 2011 12:32
Alavesdən imtina edib, Xəzər Lənkəranı seçib
İspaniya mətbuatı bu ölkənin Azərbaycandakı ilk təmsilçisi olan Mario Rosasın Premyer Liqamızdakı debüt matçını diqqətdən kənarda saxlamayıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkə mətbuatı bu futbolçunun “Xəzər Lənkəran”ın heyətindəki ilk oyunla bağlı məlumat hazırlayıb.
İspanlar həmyerlilərinin yeni komandasının heyətində Azərbaycan çempionatının 4-cü turunda “Rəvan”la qarşılaşmada ilk oyununa çıxdığını yazıblar. Xatırladaq ki, həmin qarşılaşmada sonradan meydana çıxan Rosasın ayağı komandasına düşərli olmamışdı və “Xəzər Lənkəran” ilk dəfə xal itkisi ilə üzləşmişdi – 1:1
Sözügedən xəbərdə həmçinin o da qeyd olunur ki, Rosas “Salamanca”dan getdikdən sonra onunla başqa klublar da maraqlanırmış. Belə ki, “Alaves” onu heyətinə qatmaqda maraqlı olsa da, ispaniyalı yarımmüdafiəçi məhz Azərbaycan klubunu seçib.
