13 sentyabr 2011 16:21
Samir Abbasov: İnterlə oyuna yalnız qələbə üçün çıxacağıq
“Sumqayıt Şəhər” Premyer Liqanın 4-cü turdan təxirə salınmış oyunu çərçivəsində sabah Bakının “İnter” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, son oyunda doğma arenada “Qarabağ”la qarşılaşmada ilk xalını qazanan komanda hazırlığını davam etdirir.
Vaxtilə paytaxt klubunun şərəfini qorumuş, hazırda “Sumqayıt Şəhər”də çıxış edən Samir Abbasov isə “İnter”lə baş tutacaq oyunla bağlı klubun rəsmi saytına açıqlama verib. O, bu görüşdə keçmiş komandası üzərində qələbə qazanmaq istədiklərini bildirib:
“Qarabağ”la oyunda komandamız əzmkar oyun nümayiş etdirdi. İlk xalımızı qazandığımız üçün klubda əhval ruhiyyə yüksəkdir. Bir vaxtlar “İnter”in şərəfini qorumuşam. Bu komanda Premyer Liqada hər zaman çempionluğa oynayıb. Ona görə, qarşılaşma bizim üçün çox çətin keçəcək. “Sumqayıt Şəhər” “İnter”lə oyuna yalnız qələbə üçün çıxacaq. İnşallah doğma meydançamızda azarkeşlərimizi yenə sevindirərik”.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyun 17:00-da başlayacaq.
