13 sentyabr 2011 12:18
İlqar Qurbanov: Zərbə dəyən gözümün üstü tamamilə örtüldü
“Qarabağ”ın “Sumqayıt Şəhər”lə baş tutan sonuncu turdakı oyununun ilk yarısında məcburi əvəzetmə reallaşdı. Azerisport.az xəbər verir ki, görüşün 41-ci dəqiqədə zədələnən İlqar Qurbanov yerini Bəxtiyar Soltanova verdi.
Dəyən zərbə nəticəsində demək olar ki, sol gözü qapanan 25 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə oyunu belə davam etdirsə də, sonradan əvəz olundu. İlqar vəziyyəti belə dəyərləndirib:
“Həmin anda rəqib futbolçu “butsi”sinin ucuyla gözümə zərbə endirdi. Şiddətli zərbə alındı. İlk öncə kəskin ağrı hiss etdim. Heç hakim cərimə də qeydə almadı. Bir qədər oyunu belə davam etdirdim. Getdikcə zərbə dəyən gözümün üstü tamamilə örtüldü. Heç nə görə bilmədim. Ona görə əvəzlənməli oldum. Dünən məşq etmədim. Amma bu gündən məşqlərə başlayacam. İnanıram ki, “Xəzər Lənkəran”la oyuna qədər tam sağalacam. Sonuncu turda heç bəxtimiz gətirmədi. Hardasa 10-a yaxın qol epizodumuz oldu. Elə bir dəfə də mən fərqlənə bilərdim. Amma rəqib qapıçı çox əla oynadı. Düzdü, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Amma belə itkilərdə qaçınılmazdı. XL-la oyun maraqlı olacaq. Bizi çətin oyun gözləyir. Rəqib hazırda liderdi. Sürətli futbol sərgiləyir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
