13 sentyabr 2011 00:27
“Çempionluq bizim əsas məqsədimizdi”
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov “Simurq”la oyun barədə fikirlərini bölüşüb və qarşıdan gələn “Sumqayıt Şəhər” matçı haqqında danışıb. Azerisport.az onun müsahibəsi ilə sizi də tanış edir.
- Asif, bilirik ki, “İnter” bu yaxınlarda Gürcüstandan təlim-toplanışdan qayıdıb. Bu toplanış komandaya növbəti oyunlarda kömək edəcəkmi?
- Düşünürəm ki, toplanışın xeyrini hamı “Simurq”la oyunda gördü. “Bakı” ilə qalmaqallı oyundan sonra şəhərdən getmək yaxşı olardı. O zaman güclü təzyiq altına düşmüşdük. Ancaq Gürcüstana yollandıq və gərginliyi müəyyən qədər azaltdıq.
- “Bakı” ilə oyunda yaşanan xoşagəlməz dəqiqələri unutmaq mümkün oldumu?
- Əlbəttə. Biz hamımız belə məqamlara peşəkarcasına yanaşmalıyıq. Hazırda həmin anları unutmuşuq və hətta baş verənlər haqqında düşünmürük.
- “Simurq”la matç barədə danışaq. Arzulanan qələbəni əldə etməsinə baxmayaraq, oyun “İnter” üçün asan olmadı...
- Öncədən bilirdik ki, oyun çətin olacaq. Demək istərdim ki, “Simurq” ötən illə müqayisədə hiss olunacaq dərəcədə güclənib. Ancaq buna baxmayaraq, 3 xalı əldə etməyi bacardıq və ən əsası da budur.
- Artıq 3-cü gün komandanı növbəti rəqib - "Sumqayıt Şəhər” gözləyir. Bu qarşılaşma barədə nə deyə bilərdin?
- “Sumqayıt-Şəhər” yaxşı komandadı. Onların “Qarabağ”la qarşılaşmasını izlədim və deyim ki, çox yaxşı təəssürat oyatdılar və hətta həmin görüşdə qalib də gələ bilərdilər. “Sumqayıt Şəhər”ə qarşı oyunda bizə asan olmayacaq, lakin biz meydana yalnız qələbə üçün çıxırıq və buna görə də, bu matçdan yalnız 3 xal gözləyirik.
-Şənbə günü komanda “Simurq”la oynadı, 3-cü gün isə “İnter”i “Sumqayıt Şəhər”lə qarşılaşma gözləyir. Belə qısa müddətdə 2 oyun keçirmək çətin olmayacaq ki?
- Fikrimcə, bizə çətin olmayacaq, ona görə ki, biz bu yaxınlarda toplanışdan qayıtmışıq və yaxşı formadayıq. Fikirləşirəm ki, “Sumqayıt Şəhər”lə matça tam hazırlıqlı vəziyyətdə yanaşacağıq, axı 3-4 gün hazırlaşmaq üçün tamamilə kifayət edir.
- Zənnincə, “İnter”in azarkeşləri bu mövsüm komandadan nə gözləməlidirlər?
- Deyim ki, “İnter”i vaxtından əvvəl hesabdan silmək tezdi. Komandamızda həmişə yalnız çempionluq barədə düşünürlər. İnşallah, bu mövsüm bu məqsədimizə çatacağıq. Çempionluq bizim əsas məqsədimizdi. Avrokuboklara düşməyimizisə minimum tapşırığımız hesab edirəm. (klubun rəsmi saytı)
