14 sentyabr 2011 13:43
XL Böyük oyunda tarixi qələbə qazanıb
Azərbaycan Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyunundakı qələbə “Xəzər Lənkəran” üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, prinsipial rəqiblə 22-ci dueldə 6-cı qələbəni qazanmaqla şəxsi görüşlərdəki qalibiyyət sayında tarazlıq yaradan cənub təmsilçisi top fərqində “Böyük oyun”ların böyük komandasına çevrilib – 20:19. Özü də bu 22 oyunun 2-ci yarısında, yəni son 11 matçda “Neftçi” qələbə qazana bilməyib.
Prinsipial rəqib üzərindəki qələbəyə rəng qatan digər məqam onun tarixi əhəmiyyəti ilə bağlıdı. Belə ki, cənub klubu 7 illik tarixində 150-ci – yubiley qələbəsini məhz “Neftçi” üzərində, özü də doğma azarkeşlər önündə qazanıb. Bu matçadək hesabında 260 oyunda 149 qələbə olan “Xəzər Lənkəran” ötən tur xal itirməklə yubileyi qələbəni ”ağ-qaralar”la ev matçına təxirə salmışdı.
“Xəzər Lənkəran”ın tarixi qələbələri
1-ci 12.08.2004 “Xəzər Lənkəran” – “Şəfa” – 2:1 (çempionat, 2004/05)
50-ci 09.11.2006 “Xəzər Lənkəran” – “Qarabağ” – 2:0 (çempionat, 2006/07)
100-cü 06.11.2008 NBC – “Xəzər Lənkəran” – 0:3 (kubok, 2008/09)
150-ci 10.09.2011 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0 (çempionat, 2011/12)
Qeyd edək ki, bu qələbə baş məşqçimiz Mirça Rednikin Azərbaycan çempionatlarında 37 matçda 20-ci qələbəsi oldu. Ruslan Abışovun avtoqolu isə rumıniyalının rəhbərliyi altında bütün yarışlarda vurulan 60-cı qol kimi tarixə düşdü. Həmçinin “Xəzər Lənkəran” ölkə çempionatlarında 400 xal səddini məhz “Neftçi” ilə oyunda keçdi. 8-ci dəfə çempionata qatılan komandamız indiyədək ümumilikdə 401 çempionat xalı toplayıb.
