14 sentyabr 2011 15:30
Mirça Rednik: ÇL-in qrup mərhələsinə düşməyi arzulayırıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandasının cari mövsümkü çıxışını dəylərləndirib. Azerisport.az onun bəzi maraqlı açıqlamaları ilə sizi də tanış edir.
“Azərbaycanda ən böyük komandayıq. Bizim hər oyunumuzda, həmişə anşlaq olur. Bir sözlə, burda futbola çox ciddi yanaşılır. Azərbaycanda futbola böyük pullar yatırılır, müxtəlif layihələr həyata keçirilir. Qarşılığında da böyük gözləntiləri var” – deyə, Rednik bildirir.
Rumıniyalı mütəxəssis komandasının da hədəflərindən danışıb: “Ötən mövsüm biz Azərbaycan kubokunu qazandıq. Bu mövsüm üçün isə hədəflərimiz bir qədər fərqlidi. Bizdən artıq çempionluq tələb olunur. Ümid edirəm ki, bu vəzifənin öhdəsindən gələ biləcəyik. Ümumiyyətlə, Azərbaycanda çoxlu yaxşı komandalar var. Məsələn, “Qəbələ”. Ötən mövsüm bu komandaya ingilis azarkeşlərin sevimlisi Toni Adams baş məşqçi təyin olundu. Mən deyərdim ki, bu komanda üç mövsümə titul götürəcək. Elə indi də hədəfləri oxşardı. Avrokuboklara çıxmaq istəyirlər”.
O, həmçinin cənub təmsilçisinə gətirdiyi rumıniyalı legionerlərdən danışıb: “Bura gələnlərin bəziləri yeni iş yeri ilə bağlı fikirlərini dəyişiblər. Bəzilərindən daha çox şey gözlədiyim halda cəmi bir neçə məşqdən sonra narazı qalmışam. Hətta eşitmişəm deyirlər ki, burda maliyyə problemləri var. Amma bunlar doğru məlumat deyil. Düşünürsüz ki, maliyyə problemi olsaydı, mən burda qalardım? Baxmayaraq ki, pul heç də əsas amil deyil. Düzdü, elə bir an olub ki, mən “Xəzər Lənkəran”ı tərk etmək istəmişəm. Lakin bildiyiniz kimi, azarkeşlərin və oyunçuların son qərarımda böyük rolu olub. Bəlkə də onlar olmasaydı, indi burda deyildim”.
Rednikin sözlərinə görə, klub rəhbərliyi komanda üçün böyük büdcə ayırıb və futbolçuların da alacaqları ilə bağlı heç bir problemi yoxdu: “Burda neft tez bir zamanda pula çevrilir. Biz çoxdandı Çempionlar Liqasının qrup mərhələsinə düşməyi arzulayırıq. Çünki bu, Azərbaycan futbolunda çox böyük və ilk belə uğur olacaq”.
