14 sentyabr 2011 16:42
Əfran İsmayılov: XL-la oyunda hədəfimiz sadəcə qələbədi
“Qarabağ” şənbə günü “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi çempionatın liderinə qarşı hazırlıqlarını oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda davam etdirir. Komanda sadəcə zədəli Zaur və Eminin xidmətindən yararlana bilmir.
Ağdamlıların aparıcı oyunçularından Əfran İsmayılov isə cənublularla oyun haqqında klubun rəsmi saytına açıqlama verib: “Olduqca çətin oyun olacaq. “Xəzər Lənkəran” çempionatın lideridi. Cənublular bu il digər komandalara baxanda daha yaxşı təsir bağışlayırlar. Amma biz də qələbə qazanmalıyıq. Son 2 oyunda xal itirdiyimizə görə 3 xala daha çox ehtiyacımız var. Öz meydanımızda oynmağımızdan yararlanmalıyıq. Hədəfimiz sadəcə qələbədi. Məşqlərdə səylə çalışırıq. Uduzsaq rəqib bizdən xeyli aralanacaq. Bu, istər-istəməz təzyiq yaradır. Amma bu, futboldu. İstənilən nəticə qeydə alına bilər. Biz meydana 3 xal üçün çıxacağıq. “Xəzər Lənkəran”la oyunlarımız həmişə maraqlı alınıb. Bu dəfə də azarkeşlərin xoş futbol izləyəcəyini düşünürəm. İnanıram ki, sonda sevinən tərəf “Qarabağ” olacaq”.
