15 sentyabr 2011 11:36
Xəzər Lənkəranda mövsümün 10-cu debütü
Azərbaycan Premyer Liqasının 5-ci turu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, əslən Rusiyadan olan milliləşən legioner Eldar İsmayılov karyerasında ilk dəfə bu komandanın formasında meydana çıxdı.
“Neftçi” ilə ev matçında iştirak edən yarımmüdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırdı. Bu matçadək 135 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa İsmayılov bu siyahıya 136-cı kimi daxil oldu. O, adını bu oyunçular siyahısına cari mövsüm daxil etdirən 10-cu futbolçudu. Eldara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas və Antonio Semedo yeni komandalarında debüt etmişdilər.
“Xəzər Lənkəran”ın şərəfini qorumuş 136 oyunçudan 52-si yerli, 84-ü əcnəbidi ki, Eldarın Rusiya futbolunun yetirməsi olduğunu nəzərə alsaq, o bu ölkədən olan 2-ci futbolçudu. İlk belə oyunçu isə Dmitri Nejelev idi. O, 2004/05 mövsümündə 8 matçda iştirak edib.
Ümumilikdə isə 30 ölkədən olan oyunçular “Xəzər Lənkəran”da çıxış edib: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.
