15 sentyabr 2011 13:00
Rusiya - Azərbaycan oyunu yenə Lujnikidə keçiriləcək
Futbol üzrə Rusiya yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcəyi stadion artıq indidən bəllidi. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko məlumat verib.
O, bildirib ki, hazırda davam edən AÇ-2012-nin seçmə mərhələsində olduğu kimi, DÇ-2014-ün seçmə oyunlarında da Rusiya yığması ev oyunlarını məhz “Lujniki” stadionunda keçirəcək. Qeyd edək ki, Moskvada yerləşən bu möhtəşəm arena həm paytaxtın “Spartak”, həm də Rusiya millisinin ev oyunlarının keçirildiyi məkan kimi tanınır.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan yığması da artıq bu arenada oyun təcrübəsinə malikdi. Belə ki, 78 360 tutumuna malik bu arena 2009-cu ilin mart ayında keçirilən Rusiya – Azərbaycan qarşılaşmasına (2:0) ev sahibliyi etmişdi.
